AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AFİNADA YUNANISTANIN TURİZM NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimi şəraitdə keçən söhbət zamanı Azərbaycan Prezidenti Afinada XXVIII Yay Olimpiya oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirərək, bu məsul işdə Yunanıstan hökumətinin səmərəli fəaliyyətini vurğuladı.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən söhbət açan Prezident İlham Əliyev iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirdi. Turizm sahəsində geniş imkanları olan Yunanıstanın bu perspektivli sahədə respublikamızla əməkdaşlığını xatırladan dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, tezliklə Azərbaycan da dünyanın inkişaf etmiş turizm ölkələrindən birinə çevriləcəkdir.
Cənab Avramopulos Azərbaycanda idman və turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğını yüksək qiymətləndirdi. Yunanıstan naziri Dünya Turizm Təşkilatının son vaxtlar Azərbaycana marağının artdığını da xüsusi vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Yunanıstanın turizm nazirini Azərbaycana səfərə dəvət etdi. Cənab Avramopulos dəvəti məmnunluqla qarşıladı.
Görüşdə Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, ölkəmizin Afinadakı səfiri Mirhəmzə Əfəndiyev iştirak edirdilər.