AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səfiri və onun xanımını səmimiyyətlə salamlayan dövlətimizin başçısı bildirdi ki, cənab Klaus Qrevlix ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Azərbaycan-Almaniya əlaqələrinin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini vermişdir.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin son illərdə durmadan inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev AFR-ə rəsmi səfərindən və bu səfərin uğurla başa çatmasından məmnun qaldığını bildirdi.
Dövlətimizin başçısı Almaniya səfirinin xanımının Azərbaycanda uşaqların sağlamlığının qorunması ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev cənab Klaus Qrevlixə gələcək fəaliyyətində uğurlar arzuladı.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda fəaliyyətə başladığı zaman etimadnaməsini ümummilli liderimiz Heydər Əliyevə təqdim etməsi mərasimini həmişə məmnunluqla xatırladığını, Heydər Əliyev siyasətinin onun üçün diplomatiya məktəbi olduğunu bildirdi. O, Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasətini siyasətin zirvəsi adlandırdı. Səfir dedi ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri Bismarkın alman xalqı qarşısındakı xidmətlərinə bərabərdir.
Almaniya diplomatı bildirdi ki, demokratik prezident seçkilərində uğurlu qələbə qazanan İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısıdır. O dedi ki, İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycanda sosial-iqtisadi inkişaf, yeni iş yerlərinin yaradılması sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Bu sosial-iqtisadi inkişaf insan hüquqlarının qorunması sahəsindəki uğurlarla müşayiət olunur.
Cənab Klaus Qrevlix İlham Əliyevin AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri olarkən göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdi.
Səfir əmin olduğunu bildirdi ki, Azərbaycan-Almaniya əlaqələri bundan sonra daha da inkişaf edəcəkdir.