AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR
Görüşdə ikitərəfli münasibətlərə toxunuldu və bu münasibətlərin yüksək səviyyədə olduğu vurğulandı, regionda və beynəlxalq aləmdə vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə fikir mübadiləsi aparıldı.
Almaniya xarici siyasət idarəsinin başçısı Prezident İlham Əliyevin rəsmi səfərini yüksək qiymətləndirərək, bunun ölkələrimizin əməkdaşlığının gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu söylədi. O bildirdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın mövqeyini dəstəkləyir və bu yöndə səylər göstərəcəkdir.
Prezident İlham Əliyev gələcəkdə Azərbaycan-Almaniya münasibətlərinin, əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün ciddi addımlar atılacağını vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunuldu.
X X X
Almaniyanın xarici işlər naziri Yoşka Fişer görüşdən sonra jurnalistlərin suallarına cavab verdi.
SUAL: Görüşdə hansı məsələlər barədə söhbət getdi?
CAVAB: Hər şeydən əvvəl biz Azərbaycan Prezidenti başda olmaqla Azərbaycan nümayəndə heyətinin burada olmasına sevinirik. Biz görüş zamanı ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıq imkanları, regional problemlər, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi apardıq. Bundan əlavə, regionun inkişafı, Rusiya, Ermənistan və Gürcüstandakı vəziyyət, regional və beynəlxalq məsələlər haqqında söhbətimiz oldu. Apardığımız danışıqlarda regiondakı münaqişələrin müharibə yolu ilə həllinin mümkün olmadığını bildirdik. Biz ümid edirik ki, regionda mövcud olan bütün münaqişələr qarşılıqlı razılıqlar əsasında və tərəflərin hüquqlarının qorunması çərçivəsində sülh yolu ilə həll ediləcəkdir.
SUAL: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı məsələlərə toxunuldu?
CAVAB: Mən düşünürəm ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məsələnin Minsk qrupu çərçivəsində həlli məqbuldur. Biz öz tərəfimizdən təklif edirik ki, hər iki ölkənin, yəni Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri mütəmadi görüşlər keçirsinlər. Hesab edirəm ki, belə görüşlər məsələnin Minsk qrupu çərçivəsində həllində öz bəhrəsini verəcəkdir. Biz isə öz tərəfimizdən bu konstruktiv görüşlərin baş tutmasına kömək göstərməyə hazırıq.