AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN FRANSADAN OLAN HƏMSƏDRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Prezident sarayında ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernard Fassiyeri qəbul etmişdir.
Dövlətimizin başçısı Bernard Fassiyeri ATƏT-in Minsk qrupunun Fransadan yeni həmsədr təyin olunması münasibətilə təbrik etmişdir. Sonra Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq qeyd etmişdir ki, on ildən artıqdır Minsk qrupu çərçivəsində danışıqların aparılmasına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı bir nəticə əldə edilməmişdir. Lakin son vaxtlar bu qrupun fəaliyyətində fəallığın müşahidə olunması, xarici işlər nazirləri arasında danışıqların davam etdirilməsi münaqişənin nizama salınması prosesində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümid verir. Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın və onun ətrafında yerləşən yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin BMT-yə məhz bu ərazilərin daxil olduğu sərhədlər çərçivəsində qəbul edildiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulamış və qeyd etmişdir ki, bu mövqe yalnız və yalnız beynəlxalq hüquq normaları və prinsiplərinə - ölkələrin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanır. Bu prinsiplərə əməl olunmadan münaqişənin həllinə nail olmaq mümkün deyildir. Dövlətimizin başçısı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda münaqişənin nizama salınması ilə bağlı konkret nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Bernard Fassiyer onu qəbul etdiyinə və yeni vəzifəyə təyin olunmağı münasibətilə təbrikə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə, bütün bölgədə sülhün və sabitliyin təmin olunması işinə, habelə Orta Asiyanın da daxil olduğu daha geniş məkanda iqtisadi layihələrin həyata keçirilməsinə böyük xələl gətirdiyini vurğulamışdır. Cənab Fassiyer əmin olduğunu bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti ilə görüşü ona bu həssas münaqişənin konkret həlli ilə bağlı ölkəmizin mövqeyi barədə daha geniş məlumat əldə etməsinə imkan yaradacaqdır.