AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Prezident sarayında “İşğal olunmuş ərazilərdə məskunlaşdırma üzrə ATƏT-in Minsk qrupunun fakt-araşdırıcı missiyası”nın üzvlərindən və onları müşayiət edən şəxslərdən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı yeni fakt-araşdırıcı missiyanın səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirmişdir. Azərbaycan Prezidenti hazırkı mərhələdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı xarici işlər nazirlərinin birbaşa cəlb olunduğu yeni danışıqlar formatının əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin dəyişməz qaldığını, bu mövqeyin yalnız və yalnız beynəlxalq hüquq normaları və prinsiplərinə - ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslandığını bir daha bəyan etmişdir. Azərbaycan Prezidenti ölkəmizin işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni məskunlaşmasını uzunmüddətli sülhün əldə edilməsi yolunda duran ən böyük maneələrdən biri kimi qiymətləndirərək əminliyini vurğulamışdır ki, fakt-araşdırıcı missiyanın həmin ərazilərdə real vəziyyətlə yaxından tanış olması Ermənistan tərəfinin bu ərazilərdə qanunsuz hərəkətlərinə son qoyulması işini tezləşdirəcəkdir. Missiyanın işinə uğurlar arzulayan dövlətimizin başçısı onun fəaliyyətinin səmərəli olacağına ümidvarlığını ifadə etmişdir.
Minsk qrupunun həmsədrləri adından Rusiyadan olan həmsədr Yuri Merzlyakov münaqişənin sülh yolu ilə nizama salınması proseslərinin hazırkı vəziyyəti və fakt-araşdırıcı missiyanın fəaliyyəti ilə bağlı dövlətimizin başçısının fikirlərinin çox əhəmiyyətli olduğunu vurğulamışdır. O, nümayəndə heyəti üçün Azərbaycanın hökumət strukturları tərəfindən peşəkar səviyyədə hazırlanmış sənədlərin təqdim olunması ilə bağlı dövlətimizin başçısına minnətdarlığını bildirmiş və demişdir ki, “bütün bunlar fakt-araşdırıcı missiyanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərdə aparacağı işlər üçün çox əhəmiyyətlidir”. Daha sonra Yuri Merzlyakov Minsk qrupunun səylərinin daha da artırılacağını qeyd edərək, münaqişə tərəflərinin qarşılıqlı ciddi səyləri nəticəsində sülh danışıqlarında uğurlu nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirmişdir.