AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA ŞURASI VENESİYA KOMİSSİYASININ KATİBİNİ QƏBUL ETMİŞDİR
Qonağı səmimi salamladıqdan sonra Azərbaycan Prezidenti ölkəmizlə Avropa Şurası arasında uğurlu əməkdaşlığın olmasından razılıq ifadə etdi. Bu mötəbər təşkilatın Parlament Assambleyasında fəaliyyəti dövrünü məmnunluqla xatırlayan dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinin AŞPA-da daim fəal iştirak etdiyini nəzərə çarpdıraraq, ölkəmizin Venesiya Komissiyası ilə qarşılıqlı surətdə faydalı əlaqələrini də yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycanla AŞPA, habelə Venesiya Komissiyası arasında əlaqələrin bundan sonra da daim inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Səmimi qəbula görə minnətdarlıq edən Venesiya Komissiyasının katibi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə keçirdikləri görüşləri dərin ehtiramla xatırladı. O, Azərbaycanda genişmiqyaslı hüquqi islahatların Heydər Əliyevin rəhbərliyi altında həyata keçirildiyini və bu sahədə yüksək nəticələrin əldə olunduğunu söylədi. Cənab Bukikkio Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayaraq, dövlətimizin başçısı ilə ötən illərdə Avropa Şurası çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla xatırladı. O, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirildiyini diqqətə çəkərək, Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının ölkəmizlə əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi.
Qəbulda Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edirdilər.