AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇİNİN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Qəbula görə dərin minnətdarlığını bildirən səfir Çin Xalq Respublikasının sədri Xu Szintaonun səmimi salamlarını respublikamızın rəhbərinə çatdırdı.
Azərbaycanla Çin Xalq Respublikası arasındakı tarixi dostluq münasibətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev, Çinin rəhbərləri ilə, o cümlədən BMT-nin Baş Məclisində bu ölkənin xarici işlər naziri ilə görüşdüyünü xatırlatdı.
İki ölkə arasında qarşılıqlı əlaqələrin sevindirici nəticələri olduğunu söyləyən dövlətimizin başçısı Çinin neft şirkətlərinin Azərbaycanda fəal çalışdıqlarını vurğulayaraq dedi ki, ola bilsin, həmin şirkətlər Bakıya bir qədər gec gəliblər. Lakin böyük səylə çalışırlar və faydalı müqavilələr bağlayıblar.
Çin Xalq Respublikasının böyük potensiala malik olduğunu diqqətə çatdıran Azərbaycan rəhbəri iqtisadi sahədə bu ölkənin sürətlə tərəqqi etdiyini, ən müasir texnologiyaların tətbiq olunması meylinin gücləndiyini müsbət dəyərləndirdi. Prezident İlham Əliyev özünün səmimi salamlarını Çin Xalq Respublikasının sədri Xu Szintaoya çatdırmağı səfirdən xahiş etdi.
Görüşdə ölkələrimizi maraqlandıran bir sıra məsələlərə dair işgüzar fikir mübadiləsi aparıldı.