AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İMAM XOMEYNİNİN MƏQBƏRƏSİNİ ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran inqilabının rəhbəri imam Xomeyninin məqbərəsini ziyarət etmişdir.
Dövlətimizin başçısını burada mehribanlıqla qarşıladılar. Məqbərənin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyev imam Xomeyninin məqbərəsinə əklil qoydu, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“İran İslam inqilabının rəhbəri imam Xomeyninin qəbrini ziyarət etdim. Öz xalqı və ölkəsi üçün böyük xidmət göstərmiş rəhbərin əziz xatirəsi həmişə böyük hörmətlə yad ediləcəkdir. Allah rəhmət eləsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
25 yanvar 2005-ci il”.