AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “İRAN XODRO” ZAVODU İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İranın ən iri istehsal müəssisələrindən sayılan “İran Xodro” avtomobil zavodunda olmuşdur.
Dövlətimizin başçısını burada zavodun baş direktoru Mənuçöhr Məntiiqi, işçiləri böyük hörmətlə və mehribanlıqla qarşıladılar.
Prezident İlham Əliyevə zavodun fəaliyyəti barədə məlumat verilərək bildirildi ki, 2004-cü ildə müəssisədə 600 000 ədəd müxtəlif markalı avtomobillər (“Səmənd”, “Pegeot-206”, “Pars”, “Peykan” və s.) istehsal edilmişdir. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən müəssisələri ilə birlikdə zavodda 300 000 nəfər, o cümlədən Tehrandakı istehsal sahələrində 30 000 nəfər çalışır. Müəssisənin Azərbaycanda da daimi nümayəndəliyi vardır və o, digər MDB ölkələrində də servis xidməti göstərir. Suriya, Seneqal, Ukrayna, Misir, Əlcəzair və Belarusda da müəssisənin daimi nümayəndəliyinin açılması nəzərdə tutulmuşdur.
Sonra Prezident İlham Əliyev zavodun ayrı-ayrı istehsal sahələri ilə yaxından tanış oldu.
Dövlətimizin başçısına xatirə olaraq, “Səmənd LX” markalı avtomobil hədiyyə edildi. Prezident İlham Əliyev hədiyyəyə görə təşəkkür edərək, həm benzin, həm də qazla işləyən bu avtomobilin sükanı arxasında əyləşərək sürdü.
Prezident İlham Əliyev zavodla tanışlığından məmnun qaldığını və istehsal edilən avtomobillərin yüksək keyfiyyətə malik olduğunu bildirdi.