AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KUBANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Marselo Kabalyero Torresin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Marselo Kabalyero Torres etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev Bakıda Kuba Respublikasının diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasının əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğuladı. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, onun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələr daha da möhkəmlənəcəkdir.
Marselo Kabalyero Torres Kubanın Bakıdakı diplomatik nümayəndəliyində fəaliyyətə başlayan ilk səfir kimi iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi baxımından üzərinə böyük məsuliyyətin düşdüyünü vurğuladı və bu işdə Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin dəstəyinə arxalandığını dedi. O, dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir.
######
![]() |
![]() |

