AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QARA DƏNİZ TƏŞƏBBÜS QRUPUNUN ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Prezident sarayında Qara Dəniz
Təşəbbüs qrupunun üzvlərini qəbul etmişdir.
Dövlətimizin başçısı bu səfərin Qara Dəniz Təşəbbüs qrupunun üzvlərinə ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq və regional səviyyədə əməkdaşlığın perspektivlərini qiymətləndirmək üçün yaxşı imkanlar yaratdığını bildirdi. Prezident İlham Əliyev həyata keçirilmiş bir çox əhəmiyyətli layihələrin Qara dəniz ilə Xəzər dənizini bir-birinə birləşdirdiyini nəzərə çarpdırdı və Azərbaycanın bu iki region arasında mühüm körpü rolunu oynadığını vurğuladı.
“The Global Panel Foundation” təşkilatının sədri Mark Ellenboqen Qara Dəniz Təşəbbüsü qrupunun sədrlik etdiyi təşkilatın qurumlarından biri olduğunu bildirərək onun fəaliyyəti barədə Prezident İlham Əliyevə məlumat verdi. Qonaq ölkəmizdə olduqları müddətdə artıq bir sıra nazirlik və komitələrdə səmərəli görüşlər keçirdiklərini söylədi.