AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QIRĞIZISTANIN DÖVLƏT KATİBİ DASTAN SARIQULOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Prezident sarayında Qırğızıstanın dövlət katibi Dastan Sarıqulovu qəbul etmişdir.
Görüş zamanı Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin müxtəlif sahələri ilə bağlı məsələlər müzakirə edilmişdir.
Qırğızıstanın dövlət katibi ölkəsinin Prezidenti Kurmanbek Bakiyevin ehtiramını və salamlarını dövlətimizin başçısına çatdırmış, Qırğızıstan Prezidentinin məktubunu Prezident İlham Əliyevə təqdim etmişdir.
Qırğızıstan Prezidenti Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etmişdir.
Məktubda Azərbaycan Respublikasının milli maraqlarının müdafiə olunması ilə bağlı həyata keçirilən tarazlaşdırılmış dövlət siyasətinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanmış, müasir tariximizdə Azərbaycanın üzləşdiyi çətin anlarda, o cümlədən 20 Yanvar hadisələri zamanı məhz Heydər Əliyevin xalqımızın tarixi məsuliyyətinin müstəsna daşıyıcısı kimi siyasi iradəsini irəli sürmüş milli lider olduğu qeyd edilmişdir.
Daha sonra məktubda qardaş Azərbaycanın qırğız xalqı üçün müasir inkişaf istiqamətinin mühüm mənbələrindən biri olduğu vurğulanmışdır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş etdi.