AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİNİ QƏBUL ETMİŞDİR
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla, dinamik şəkildə inkişaf etdiyini bildirdi.
Azərbaycan və Rusiyanın dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev dedi ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında yaranmış səmimi dostluq münasibətləri bu əlaqələrin daha da inkişaf etməsinə böyük töhfə vermişdir.
Cənab Vladimir Putinin Azərbaycana ilk rəsmi səfərinin ölkələrimizin münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev hazırda Azərbaycan və Rusiyanın dövlət başçıları arasında da yaxşı əlaqələrin mövcud olduğunu nəzərə çarpdırdı.
Azərbaycanın və Rusiyanın müxtəlif dövlət strukturları, habelə məhkəmə sistemləri arasında da əməkdaşlığın uğurla həyata keçirildiyini məmnunluqla xatırladan dövlətimizin başçısı İlham Əliyev cənab Zorkinin Azərbaycana səfərinin də bu baxımdan əhəmiyyətli olduğunu vurğuladı.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcəkdir.
Səmimi qəbula görə minnətdarlıq edən Valeri Zorkin Bakıya səfərinin ilk günü Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ehtiramla ziyarət etdiyini bildirdi.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini söyləyən cənab Zorkin Azərbaycanın bugünkü sürətli inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olduğunu qeyd etdi. O dedi ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuş və onun ölkəyə rəhbərlik etdiyi dövrdə bu sahədə böyük islahatlar həyata keçirilməyə başlanmışdır.
Qonaq bildirdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi Rusiyada həmişə ehtiramla yad edilir, eyni zamanda, Prezident İlham Əliyevə böyük hörmət bəslənilir.
Konstitusiya Məhkəməsinin sədri Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını və dərin ehtiramını Prezident İlham Əliyevə çatdırdı.
Valeri Zorkin əmin olduğunu bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri, o cümlədən hər iki ölkənin Konstitusiya Məhkəmələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcəkdir.
Prezident İlham Əliyev cənab Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi və özünün də səmimi salamlarını və dərin ehtiramını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.
Qəbulda Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin iştirak edirdilər.