AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ LİQASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Qonaqları səmimiyyətlə salamlayan Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə energetika sahəsində fəal iştirakını vurğulayan dövlətimizin başçısı Yaponiya hökumətinin ölkəmizin iqtisadiyyatının inkişafına töhfəsini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan-Yaponiya əlaqələri digər sahələrdə, o cümlədən parlamentlər səviyyəsində uğurla inkişaf edir və bundan sonra daha da genişlənəcəkdir.
Dövlətimizin başçısı Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin, habelə qanunvericilik orqanları arasında əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirdi.
Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amari səmimi qəbul üçün minnətdarlıq etdi. O bildirdi ki, nümayəndə heyəti Bakıya səfərin ilk günü Fəxri xiyabana gedərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ehtiramla ziyarət etmişdir. Qonaq 1998-ci ildə Prezident Heydər Əliyevin Yaponiyaya rəsmi səfərini məmnuniyyətlə xatırlayaraq dedi ki, Azərbaycan dövlətinin başçısı o zaman liqanın üzvlərini qəbul edərək, onlarla səmimi söhbət etmişdi. Dostluq liqasının formalaşmasının əsası da həmin vaxtdan qoyulmuşdur.
Nümayəndə heyətinin başçısı vurğuladı ki, Yaponiyada Prezident Heydər Əliyevi möhkəm siyasi iradəyə malik görkəmli dövlət xadimi və siyasi xadim kimi həmişə ehtiramla anırlar. Liqanın sədri Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu xətti uğurla inkişaf etdirəcəyinə əmin olduğunu söylədi.
Daha sonra dostluq liqasının fəaliyyəti haqqında məlumat verən qonaq dedi ki, bu quruma Yaponiyanın çox nüfuzlu siyasətçiləri, parlament üzvləri daxildir.
Nümayəndə heyətinin Azərbaycana səfərinin gedişindən söhbət açan cənab Akira Amari bu səfərin çox uğurlu keçdiyini söylədi. O bildirdi ki, nümayəndə heyətinin üzvləri Azərbaycanda Yaponiya şirkətlərinin çalışdıqları obyektlərdə, o cümlədən Səngəçal terminalında, “Şimal” DRES-də olmuş, işlərin uğurla getməsindən razı qalmışlar. Qonaq əmin olduğunu bildirdi ki, Yaponiya-Azərbaycan münasibətləri, o cümlədən parlamentlərarası əlaqələr bundan sonra da inkişaf edəcəkdir.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara qəbulda iştirak edirdilər.