AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN FEDERAL KANSLERİ GERHARD ŞRÖDER İLƏ GÖRÜŞÜ
Binanın üstündən Azərbaycanın və Almaniyanın dövlət bayraqları asılmışdı.
Federal kansler Gerhard Şröder dövlətimizin başçısı İlham Əliyevi binanın önündə səmimiyyətlə qarşıladı.
Sonra Prezident İlham Əliyev ilə federal kansler Gerhard Şröder arasında görüş oldu.
AFR hökumətinin başçısı Azərbaycan Prezidentini Berlində görməsindən məmnunluğunu bildirdi və Prezident seçildikdən sonra Almaniyaya ilk rəsmi səfər etməsini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev cənab Şröderə təşəkkür edərək, bu səfərin Almaniya ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Federal kansler Gerhard Şröder Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirdi ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü həmişə olduğu kimi, bu gün də tanıyır və dəstəkləyir. ATƏT-in fəal üzvü olan Almaniya bu münaqişənin Minsk qrupu çərçivəsində tezliklə sülh yolu ilə ədalətli həll edilməsi üçün səylərini bundan sonra da artıracaqdır.
Cənab Şröder Azərbaycanın Almaniyadan aerobus təyyarələri almaq niyyətini iqtisadi sahədə əməkdaşlığın təzahürü kimi dəyərləndirdi və bildirdi ki, Almaniya Azərbaycana təkcə sərmayə qoymağı yox, həm də yeni texnologiyalar gətirməyi planlaşdırır. Bu ilin sonunda və ya gələn ilin əvvəlində Berlində Azərbaycana sərmayə qoyulmasına dair konfrans keçiriləcəkdir.
Səmimilik şəraitində keçən görüşdə Azərbaycanın regionda qlobal enerji layihələrində iştirakı da yüksək qiymətləndirilmişdir.