AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYAYA SƏFƏRİ FAYDALI VƏ UĞURLU OLMUŞDUR
- Bildiyiniz kimi, avqustun 24-dən 26-dək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasında rəsmi səfərdə olmuşdur. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizin inkişafı baxımından çox uğurlu və səmərəli keçmişdir. Məlumdur ki, Azərbaycan-Almaniya mədəni əlaqələrinin tarixi çox zəngindir. Bu əlaqələr əsrlər boyu inkişaf etmiş və XX əsrin sonuna doğru ümummilli liderimiz cənab Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra keyfiyyətcə yeni mərhələyə qalxmışdır.
1996-cı ildə cənab Heydər Əliyevin Almaniyaya rəsmi səfəri müasir Azərbaycan-Almaniya münasibətlərinin, əlaqələrinin əsasını qoymuşdur. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycanın xarici siyasətində Almaniyanın prioritet istiqamətlərdən biri olması xətti daha da inkişaf etdirilmişdir. Bu əlaqələr günü-gündən inkişaf etməkdə və genişlənməkdədir.
Almaniya müasir dünyada, təkcə Avropada deyil, bütün beynəlxalq aləmdə həm siyasi, həm də iqtisadi cəhətdən çox mühüm və inkişaf etmiş ölkələrdən biridir. Belə ki, ticarətin dövriyyəsinə görə Almaniya dünyanın ən aparıcı dövlətlərindəndir. Təkcə belə bir faktı qeyd etmək olar ki, xarici ticarətin müsbət saldosuna görə (87 milyard avro) Almaniya dünyada ikinci yeri tutur. Eyni zamanda, Almaniya dünyada gedən siyasi proseslərə çox güclü təsir edən ölkələrdən biridir. Bu baxımdan Azərbaycan-Almaniya münasibətlərinə kompleks şəkildə yanaşsaq, Almaniya ilə əlaqələrin inkişafı Azərbaycan üçün çox əhəmiyyətli bir məsələdir. Eyni zamanda, Almaniyanın xarici siyasətində də Azərbaycanla əlaqələrin, münasibətlərin inkişafı çox böyük əhəmiyyət kəsb edir.
Belə ki, Cənubi Qafqaz Avropa təhlükəsizlik arxitekturasının əsas tərkib hissələrindən biridir və çox mühüm haldır ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda lider dövlət, bütün sahələrdə ən çox inkişaf etmiş bir dövlət kimi qəbul edir və ölkəmizlə əlaqələrin inkişafına böyük diqqət yetirir.
Bütün bunlardan çıxış edərək deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri çox böyük əhəmiyyət daşıyır. Bu səfərin uğurlu nəticələrindən danışarkən bir neçə cəhəti vurğulamaq olar. Yəni, bu səfər əlaqələrimizin həm siyasi, həm iqtisadi, həm mədəni, həm də bütün digər sahələrdə inkişafı baxımından ümumi münasibətlərimizin kontekstində çox böyük əhəmiyyət daşımışdır.
Səfərin siyasi cəhətdən ən mühüm nəticələrindən biri ondan ibarətdir ki, keçirilən görüşlərdə və danışıqlarda, xüsusilə də Almaniya rəhbərliyinin, federal kansler cənab Şröderin bəyanatında Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ifadə olunan mövqeyinin çox böyük əhəmiyyəti vardır. Belə ki, Azərbaycan üçün ən ağrılı problemin - Ermənistanın təcavüzündən doğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Almaniya Federativ Respublikasının kansleri cənab Şröder birmənalı şəkildə bəyan etmişdir ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə edib və bundan sonra da müdafiə edəcəkdir. Bu, çox əhəmiyyətli bəyanatdır. Belə ki, Almaniya bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və yuxarıda qeyd etdiyimiz kimi, ümumiyyətlə, beynəlxalq aləmdə gedən proseslərə güclü təsir edən bir ölkədir. Bu fakt bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanan mövqeyi beynəlxalq aləmdə getdikcə daha çox müdafiə olunmaqdadır.
Siyasi cəhətdən əlaqələrimizə toxunarkən qeyd etmək lazımdır ki, danışıqlarda və görüşlərdə ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun həyata keçirilməsi böyük məmnunluqla bir daha təsdiq olunmuşdur. Bu siyasi dialoqun gələcəkdə də davam etdirilməsi gündəlikdə duracaqdır.
Müxtəlif regional məsələlər, beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
Səfərin nəticələrindən danışarkən, təbii ki, bunlara iqtisadi baxımdan da yanaşmaq lazımdır. İqtisadi sahədə əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır. Əhəmiyyətli faktlardan biri də ondan ibarətdir ki, Almaniyanın iş adamları, aparıcı şirkətləri Azərbaycanın iqtisadi inkişafında iştirak edirlər. Bu səfər zamanı Almaniyanın aparıcı şirkətləri, ümumiyyətlə, Almaniya rəhbərliyi Azərbaycana bundan sonra nəinki sərmayələrin həcminin artırılacağını bəyan etdilər, eyni zamanda, bildirdilər ki, Almaniya Azərbaycana yeni texnologiyaların gətirilməsində maraqlıdır və bununla əlaqədar konkret planlar hazırlayır.
Bildiyiniz kimi, yeni texnologiyalar yalnız daxili ictimai-siyasi sabitliyi olan ölkələrə, iqtisadi inkişaf sürətinə nail ölkələrə gətirilir. Avropanın, dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən biri olan Almaniyanın Azərbaycana yeni texnologiyalar gətirməsində maraqlı olması, sözsüz ki, Azərbaycanın regionda, ümumiyyətlə, daha geniş məkanda güclü iqtisadi inkişaf sürətinə malik ölkə kimi tanınmasının əyani bir sübutudur.
Səfərin nəticəsi kimi, Azərbaycanın Almaniyadan bir neçə müasir tipli sərnişin təyyarələri alınması haqqında da müqavilə imzalandı ki, bu da bizim iqtisadi əlaqələrimizdə çox əhəmiyyətli bir məqamı təşkil edir.
Səfər həm də bizim çoxtərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətli olmuşdur. Bildiyiniz kimi, Azərbaycanla Almaniya beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli, qarşılıqlı surətdə faydalı əməkdaşlıq həyata keçirirlər. Bu cür təşkilatlardan Avropa Şurasını, Avropa Birliyini, NATO-nu və digər qurumları göstərmək olar. Xüsusilə, Avropanın siyasi və iqtisadi məkanında getdikcə çox böyük rol oynayan Avropa Birliyi çərçivəsində əməkdaşlığımızı vurğulamaq lazımdır. Almaniya bu təşkilat çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan Almaniya ilə bu cür əməkdaşlığın həyata keçirilməsi üçün konkret addımlar atır. Bu səfər zamanı Almaniya tərəfi Azərbaycanın Avropa ailəsinə, Avropa Birliyinə inteqrasiya yollarında daim öz töhfəsini verməyə hazır olduğunu bir daha bəyan etmişdir. Bu da çox mühüm hallardan biridir ki, Azərbaycanla Almaniya arasında çoxtərəfli əlaqələr mühüm təşkilatlar çərçivəsində həyata keçirilir, uğurla davam və inkişaf etdirilir.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri bu ölkənin həm siyasi, həm işgüzar dairələri, habelə bütün aparıcı kütləvi informasiya vasitələri tərəfindən maraqla izlənir və geniş şəkildə işıqlandırılırdı. Belə ki, səfər zamanı Almaniyanın aparıcı qəzetlərində bu səfərə həsr edilmiş həm analitik, həm də informatik xarakterli materiallar dərc olunmuşdur və indi də dərc edilməkdədir. Almaniyanın bir sıra nüfuzlu televiziya kanalları bu səfərlə əlaqədar böyük həcmdə xüsusi verilişlər hazırlamışdılar.
Bütün bunlar bir daha onu göstərir ki, Almaniyada Azərbaycana, Azərbaycanla münasibətlərə, bu münasibətlərin inkişafına böyük diqqət yetirilir. Bu həm də onu göstərir ki, Azərbaycan getdikcə regionda, ümumiyyətlə, Avropa ailəsində öz layiqli yerini tutur və tutmaqdadır. Sözsüz ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəkdir.