AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Biz üç gündür ki, İrandayıq, İranda rəsmi səfərdəyik. Səfər də çox uğurlu olubdur. Geniş fikir mübadiləsi aparmışıq və bir neçə böyük sənəd imzalamışıq. Mən şübhə etmirəm ki, bu sənədlər həyatda öz əksini tapacaq, sürətlə icra olunacaqdır. Beləliklə də İranla Azərbaycan arasında olan dostluq münasibətləri daha da yüksələcəkdir.
Bilirsiniz ki, bir neçə ay bundan əvvəl İran İslam Respublikasının Prezidenti hörmətli cənab Xatəmi Azərbaycanda rəsmi səfərdə idi. Həmin səfər də çox uğurlu idi. Əminəm ki, mənim də səfərim gələcək münasibətlərə yeni təkan verəcəkdir.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın dərinləşməsi sahəsində artıq gözəl nəticələr vardır. Bu sahədə imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar bizə imkan verəcək ki, qısa müddət ərzində hər iki tərəf bundan böyük fayda götürsün. Xüsusilə, qaz mübadiləsi sazişi imkan verəcək ki, uzun illər qazsız qalmış Naxçıvana İrandan qaz verilsin. Biz ikitərəfli əlaqələrimizin inkişafında maraqlıyıq və istəyirik ki, bu əməkdaşlıq çox sahələri əhatə etsin.
Çox şadam ki, bu gün Təbrizdəyəm. Çoxdan Təbrizə gəlmək arzusunda idim. Bu gün bu arzum gerçəkləşdi. Təbriz bizim hamımız üçün doğma, əziz şəhərdir. Burada Azərbaycanın baş konsulluğunun açılması çox mühüm addımdır və çox gözəl hadisədir. Bütün bu son müddət ərzində ikitərəfli müstəvidə qazanılmış uğurlar onu göstərir ki, bir az iradə, xoş niyyət olan yerdə bütün məsələlər öz həllini tapa bilər. Əminəm ki, bizim aramızda olan münasibətlər gələcək illərdə daha da inkişaf edəcəkdir.
Mən İrana böyük heyətlə gəlmişəm və bu gün iqtisadi sahədə, humanitar sahədə və digər sahələrdə çox mühüm sənədlər imzalandı. Əminəm ki, bütün bu sənədlər uğurla icra ediləcəkdir. Hansısa məsələlər, hansısa problemlər, çətinliklər meydana çıxanda bizim hökumətlərarası komissiyamız bu məsələləri operativ qaydada həll edir və əminəm ki, sizin qaldırdığınız məsələlərə də komissiya baxacaq və həll edəcəkdir.