AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Bu gün Ukrayna-Azərbaycan münasibətlərinin tarixində çox gözəl və əlamətdar bir gündür.
Bu gün Bakıda Ukrayna xalqının böyük oğlu Taras Qriqoryeviç Şevçenkonun abidəsi açılır və bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Ukrayna xalqının böyük oğlu Taras Şevçenko həm dahi şair, həm istedadlı rəssam, həm də çox fəal ictimai xadim idi. Milli azadlıq uğrunda mübarizə onun həyat və fəaliyyətinin çox önəmli tərkib hissəsi idi. Azərbaycanda Taras Şevçenkonun xatirəsinə çox böyük hörmət var. Onun demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Mən çox şadam ki, bu abidənin açılışında bizimlə bərabər mənim dostum Ukrayna Prezidenti cənab Viktor Yuşşenko da iştirak edir. Bu abidənin açılışının Ukrayna-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün çox önəmli rolu vardır.
Bu gün Ukrayna Prezidentinin Azərbaycana işgüzar səfəri çərçivəsində ikitərəfli münasibətlər bir daha təhlil edilmiş və gələcək əməkdaşlıq haqqında vacib qərarlar qəbul edilmişdir. İki ölkə arasında əlaqələr çox sürətlə inkişaf edir. Bildiyiniz kimi, keçən ay mən Ukraynada rəsmi səfərdə olmuşdum, bu gün Ukrayna Prezidenti bizim qonağımızdır. Bütün bunlar onu göstərir ki, bizim aramızda çox səmimi dostluq münasibətləri vardır və bu münasibətlər gündən-günə inkişaf edir.
Keçən ay Ukraynada rəsmi səfərim çərçivəsində mənə Taras Şevçenkonun adını daşıyan Ukrayna Dövlət Universitetinin fəxri doktoru adı verilmişdir. Bu, mənim üçün çox böyük şərəfdir. Çünki bu ali məktəb dünya səviyyəsində çox məşhurdur. Çox şadam ki, Ukrayna Dövlət Universitetində azərbaycanlı tələbələr də oxuyur. Bakı Slavyan Universitetində isə azərbaycanlı tələbələr Ukrayna dilini öyrənirlər. Bizim aramızda münasibətlər bütün sahələrdə - siyasi, iqtisadi və energetika sahələrində çox sürətlə inkişaf edir. Ancaq bununla bərabər, humanitar sahədə əməkdaşlığın xüsusi önəmi var.
Biz humanitar sahədə əməkdaşlığa çox böyük əhəmiyyət veririk və hesab edirəm ki, Taras Şevçenkonun abidəsinin açılışı bu istiqamətdə çox önəmli bir addımdır. Bizim xalqlarımızın bir-birinə çox böyük rəğbəti vardır və bu abidə bu rəğbətin nümayişidir. Taras Şevçenko milli azadlıq uğrunda mübarizə aparmışdır və çox əlamətdar hadisə ondan ibarətdir ki, bu küçə də Azadlıq prospektidir. Amma bu küçənin əvvəlki adı Lenin prospekti idi. Bu da rəmzi xarakter daşıyır. Ukrayna və Azərbaycan xalqları əsrlər boyu müstəqillik uğrunda mübarizə aparmışlar, müstəqillik əldə etmişdilər, onu itirmişdilər. Ancaq bu gün müstəqil ölkələr kimi uğurla inkişaf edirlər. Taras Şevçenkonun abidəsinin məhz Azadlıq prospektində yerləşməsi xüsusi rəmzi xarakter daşıyır.
Mən, əziz dostlar, bir daha Ukrayna Prezidentini və onunla bərabər Bakıya gəlmiş bütün qonaqları, eləcə də Azərbaycan ictimaiyyətini, Azərbaycanda yaşayan Ukrayna icmasının nümayəndələrini bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




