AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ SÖZÜ
Naxçıvan inkişaf edir və burada sürət çox yüksəkdir, çox gözəl abadlıq, quruculuq işləri gedir. Mən bunu may ayında burada olarkən qeyd etmişdim. Bu gün də demək istəyirəm ki, bir neçə ay ərzində irəliləyiş yenə də müşahidə olunur. Küçələr abadlaşır, yeni müasir binalar tikilir. Əlbəttə ki, bu bizim hamımızı çox sevindirir. Naxçıvanın uğurlu inkişafı hamımız üçün, bütövlükdə Azərbaycanın gələcəyi üçün çox mühüm amildir.
Naxçıvanın infrastrukturu güclənir, hava limanının tikintisi başa çatmışdır. Keçən dəfə onu açdıq. Bu gün hava limanı sərnişinlərə çox yaxşı xidmət göstərir. Yeni təyyarələrin alınması nəticəsində, ümumiyyətlə, Naxçıvanın təkcə Bakı ilə deyil, xarici ölkələrlə də hava əlaqələri genişlənəcəkdir.
Hər bir ölkənin, regionun, şəhərin inkişafı üçün enerji daşıyıcıları mühüm rol oynayır. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ümumiyyətlə, sürətlə inkişaf edir. İnkişaf etmiş ölkələrlə müqayisədə biz görürük ki, Azərbaycanda artım sürəti daha yüksəkdir. Əlbəttə, çoxlu problemlər də var və bunlar öz həllini tapır. Yeni müəssisələr, fabriklər yaradılır. Yeni iş yerləri açılır. Mən bu gün qeyd etdim ki, prezident seçkilərindən keçən dövr ərzində 70 min yeni iş yeri açılmışdır. Onlardan 50 mini daimi iş yerləridir. Bu onu göstərir ki, biz düz yoldayıq. İqtisadiyyatımızı çox böyük səmərə ilə inkişaf etdiririk. Gələcək perspektivlər də çox gözəldir. Müasir Azərbaycanın Heydər Əliyev tərəfindən hazırlanmış neft strategiyası uğurla həyata keçirilir. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləcəkdir ki, bu da ölkənin hərtərəfli inkişafı üçün çox gözəl və deyə bilərəm ki, yeni bir şərait yaradacaqdır.
Biz bütün bu proqnozları bilirik. Bilirik ki, Azərbaycan çox böyük iqtisadi potensiala malik olacaqdır. Bu, bizə imkan verəcəkdir ki, ölkəmizi hərtərəfli inkişaf etdirək. Energetika sektoru inkişaf etdirilməlidir. Bu istiqamətdə Azərbaycanda işlər görülür. Yeni elektrik stansiyaları istifadəyə verilir. Növbəti stansiyaların tikintisi üçün lazımi tədbirlər görülür. Bu yaxınlarda mən Almaniyada rəsmi səfərdə olarkən bu məsələ də müzakirə olundu. Azərbaycanda 500 meqavat gücündə yeni elektrik stansiyası tikiləcəkdir.
Bildiyiniz kimi, bu sahədə Naxçıvanın problemləri çoxdur. Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Buraya Azərbaycan ərazisindən təbii qazın verilməsi mümkün deyildir. Elektrik enerjisinin verilməsi də Naxçıvanın tələbatını tam şəkildə ödəmir. Ona görə Naxçıvanı həm təbii qazla, həm də elektrik enerjisi ilə tam təmin etmək üçün müvafiq tədbirlər görülübdür. Bunun nəticəsində, indi demək olar ki, Naxçıvanı tam həcmdə elektrik enerjisi və qazla təmin etmək üçün yeni şərait yaradılıbdır. Ona görə mən istəyirəm ki, biz bu barədə məlumatı dinləyək. Nəzərdə tutulan tədbirlər haqqında məlumatları dinləyək və bu barədə fikir mübadiləsi aparaq. İlk növbədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu dinləyək.
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI
- Möhtərəm Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial inkişafı möhtərəm Heydər Əliyevin adı, gərgin əməyi və yorulmaz fəaliyyəti ilə bağlıdır. Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə Naxçıvan Muxtar Respublikası nəinki özünün yüksək inkişafına nail olmuşdur, eyni zamanda, erməni işğalından, əhalisinin qaçqın-köçkün həyatı yaşamasından, muxtariyyətinin ləğv olunması, ərazisinin isə güzəştə gedilməsi kimi məkrli niyyətlərdən də xilas olmuş, mübarizə apararaq müasir səviyyəyə gəlib çatmışdır.
Naxçıvan Muxtar Respublikasının əhalisi daim öz xilaskarını – möhtərəm Heydər Əliyevi minnətdarlıqla yad edir, onun müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir. Ümummilli liderimizin səyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Naxçıvanın xilasına, əhalinin məskunlaşmasına və firavanlığına yönəlmiş mühüm tədbirlərdən biri də Muxtar Respublikaya təbii qaz kəmərinin çəkilməsi idi. 1978-1980-ci illərdə Şuşa-Laçın-Biçənək-Naxçıvan yüksək təzyiqli magistral qaz kəmərinin çəkilməsi o dövrün inanılmaz gerçəkliklərindən biri idi. Qaz kəməri mürəkkəb relyefə malik dağlıq ərazilərdən keçirilərək Naxçıvana çatdırılmışdı. 1804 kilometrlik kəmərin 226 kilometri yüksək, 672 kilometri orta, 905 kilometri isə aşağı təzyiqli idi.
Həmin dövrdə Naxçıvan şəhərində və Şərur rayonunda operatorlar evi, 5 yerdə avtomatik qazpaylayıcı stansiya tikilmişdi. Təbii qaz qurğularının ümumi gücü 340 milyon kubmetr təşkil edirdi. Naxçıvan şəhərinə ilk dəfə 1980-ci ildə təbii qaz verilmiş, sonra isə Babək, Şahbuz qəsəbələri, Culfa, Şərur, Ordubad şəhərləri təbii qazla təmin olunmuşdu. Babək rayonunun 35, Şərurun 17, Şahbuzun 23, Culfanın 6 və Ordubad rayonunun isə 9 kəndi qazlaşdırılmışdı. Bütövlükdə muxtar respublika üzrə 4 şəhərə, 2 şəhər tipli qəsəbəyə və 91 kəndə qaz verilmiş, 29 mindən artıq mənzil mavi yanacaqla təmin edilmişdi. Bunun 12223-ü şəhər və şəhər tipli qəsəbələrin, 16819-u kənd yaşayış məntəqələrinin payına düşürdü. 1991-ci ildə təbii qazdan 33330 abonent istifadə edirdi. Bunun 3384-ü məişət abonentləri, 19-u kommunal müəssisələri, 207-si təşkilatlar, 20-si isə sənaye obyektləri idi. Geniş ərazini əhatə edən qazlaşdırma sahəsində infrastruktur sürətlə inkişaf etmiş, yeni iş yerləri yaradılmış, əhalinin güzəranı xeyli yaxşılaşmışdı.
Möhtərəm Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından dərhal sonra Dağlıq Qarabağ ətrafında başlanan müharibənin dalğaları Naxçıvan Muxtar Respublikasını da əhatə etdi. Möhtərəm Heydər Əliyevin ifadəsi ilə desək, bu dövrün Naxçıvanı təklənmiş, hər cür qayğıdan məhrum olunmuş bir adanı xatırladırdı. Muxtar respublikaya Ermənistan ərazisindən keçib gələn avtomobil və dəmir yolları, radiorele və elektrik xətləri 1991-ci ildən başlayaraq kəsildi. 1992-ci ilin yanvarından isə yüksəktəzyiqli magistral qaz kəmərinin fəaliyyəti Ermənistan tərəfindən dayandırıldı. Beləliklə, Naxçıvan Muxtar Respublikası hərtərəfli iqtisadi və informasiya blokadasına salındı. Təkcə təbii qazın nəqlinin dayandırılması hesabına muxtar respublika iqtisadiyyatına milyard manatlarla ziyan vurulmuşdur.
Möhtərəm Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayaraq siyasi fəaliyyət göstərməsi diyarı növbəti bəlalardan xilas etdi. Xalqımızın böyük oğlunun Naxçıvanın xilası uğrunda fəaliyyətinin bir istiqaməti də muxtar respublikanın energetika və yanacaq probleminin həllinə yönəlmişdi. 1992-ci ilin avqustunda möhtərəm Heydər Əliyevin İran İslam Respublikasına səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış protokolun bir bəndi də Naxçıvan Muxtar Respublikasının təbii qaz yanacağına olan tələbatını ödəmək üçün İran ərazisindən qaz kəmərinin tikintisi haqqında idi. Bu barədə möhtərəm Heydər Əliyev deyirdi: “Naxçıvanın qazla təmin olunması mühüm məsələdir. Vaxtilə çox böyük çətinliklərə sinə gərərək, çox böyük vəsait sərf edərək, Naxçıvana qaz kəməri çəkdirmişəm. Naxçıvanda yaşayanlar bunun nə qədər böyük əhəmiyyəti olduğunu heç vaxt unutmayacaqlar. İndi, təəssüf ki, biz bu qazdan məhrum olmuşuq. Qaz kəməri Naxçıvanda artıq işləmir. Naxçıvanın qaz təchizatını biz İran İslam Respublikası vasitəsilə həyata keçirməsək, yaxın vaxtlarda Naxçıvana qaz gətirmək mümkün olmayacaqdır. Bu, təkcə bizim üçün yox, gələcək nəsillər üçün də əhəmiyyətli məsələdir. Ona görə də bu işlə məşğul olmağı mən özümə şərəf hesab edirəm. Əgər vaxtilə Naxçıvana qaz çəkilməsində mənim xidmətim olubsa, indi də bu işi həll etməyi özümə borc bilirəm”.
Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt, inkişaf konsepsiyası onun işinin davamçısı, hörmətli İlham Əliyev tərəfindən də ləyaqətlə həyata keçirilir. Ölkə Prezidenti 2004-cü il may ayının 12-də Naxçıvana səfəri zamanı Muxtar Respublikanın problemlərinin həlli istiqamətində ardıcıl tədbirlərin görüləcəyini qeyd edərək demişdir: “Naxçıvan Azərbaycanda yeganə yerdir ki, buraya təbii qazın verilməsi hələ mümkün deyil. Qışda havalar soyuq keçir. Bəzi hallarda elektrik enerjisinin verilməsində problemlər yaranır. Amma biz bütün bu problemləri həll edəcəyik. Görüləcək tədbirlər nəticəsində bu məsələlər öz həllini tapacaqdır”.
Möhtərəm Prezident, Sizin dəvətinizlə İran İslam Respublikasının Prezidenti cənab Xatəminin Bakıya rəsmi səfəri zamanı imzalanmış müqaviləyə əsasən, 48 kilometrlik məsafədə Culfa-Naxçıvan yüksəktəzyiqli magistral qaz kəmərinin çəkilməsi və Naxçıvana İrandan təbii qazın verilməsi qərara alınmışdır. Bu, Naxçıvan Muxtar Respublikasının təbii qaz yanacağına olan tələbatının tam ödənilməsinə, fəaliyyəti qismən dayanmış 20-yə yaxın sənaye və emal müəssisəsinin, istilik sistemlərinin işə salınmasına, yeni istehsal sahələrinin yaradılmasına, eyni zamanda, muxtar respublikanın energetika probleminin tam həll edilməsinə imkan yaradacaqdır. Bu, çox mühüm tarixi xidmət möhtərəm Heydər Əliyevlə başlanan quruculuq xəttinin yeni şəraitdə davam etdirilməsinin əyani təzahürüdür. Naxçıvana təbii qaz kəmərinin çəkilməsinə və muxtar respublikanın qaz yanacağı ilə təchiz olunmasına həsr edilmiş xüsusi müşavirənin keçirilməsi blokada vəziyyətində yaşayan diyarın problemlərinin həllinə nə qədər həssaslıqla yanaşmağınızın, diqqət və qayğı göstərməyinizin daha bir parlaq ifadəsidir.
Hörmətli İlham müəllim, Sizin iştirakınızla keçirilən bu müşavirə muxtar respublikanın quruculuq salnaməsinə qızıl hərflərlə daxil olacaqdır. Bu tarixi missiya bütün Naxçıvan Muxtar Respublikası əhalisinin, bundan sonrakı nəsillərin də qəlbində özünə əbədi yer tapacaqdır.
İcazə verin, bu diqqət və qayğıya görə muxtar respublikanın bütün əhalisi adından və öz adımdan Sizə dərin minnətdarlığımızı bildirim. Əmin edim ki, Sizinlə olan Naxçıvan Muxtar Respublikasının əhalisi bundan sonra da ümummilli liderimizin müəyyənləşdirdiyi yolla gedəcək, ölkəmizin tərəqqisi naminə çalışacaqdır. Diqqətinizə görə sağ olun!
X X X
Sonra “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikova söz verildi.
“AZƏRİQAZ” SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ ƏLİXAN MƏLİKOVUN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Yanacaq-energetika sektoru hər bir ölkənin iqtisadiyyatında xüsusi yer tutmaqla yanaşı, əhalinin sosial vəziyyətinə və məişət şəraitinə də böyük təsir göstərir.
Bu baxımdan iqtisadiyyatın və əhalinin elektrik enerjisi və təbii qazla təminatı böyük əhəmiyyət kəsb edir. Ona görə də bu məsələlər daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi strategiya sayəsində Azərbaycanda qaz sənayesi günün tələblərinə uyğun formalaşmış və fəaliyyət imkanlarını genişləndirmişdir.
Təbii qaz Azərbaycanın milli sərvətidir, ölkənin daxili və xarici iqtisadi siyasətində mühüm yer tutur. Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması xalqımızın xoşbəxtliyidir. Bu gün xalqımızın yaxşı yaşaması, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir, - deyə bəyan edən ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrün hər anında neft və qaz sənayesinin problemlərini daim diqqət mərkəzində saxlamış, sahənin dinamik inkişaf etdirilməsinə xüsusi əhəmiyyət vermişdir. Qaz təsərrüfatının 80 illik tarixində respublikamızın intensiv qazlaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyə başladığı dövrə təsadüf edir. Belə ki, 1970-ci illərdən başlayaraq, Azərbaycan Respublikasının qazlaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. 1969-cu ilin sonunda respublika rəhbərinin tapşırığı ilə Azərbaycanın qaz təminatının baş sistemi hazırlanmışdı. Baş sistemə əsasən, respublikanın qaz şəbəkələri strukturunun müəyyən edilməsi, şəhərlərə və rayon mərkəzlərinə, qəsəbə və kəndlərə qaz kəmərlərinin çəkilişi, ucqar yaşayış məntəqələrinin qazla təmin olunması nəzərdə tutulmuşdu. 1970-ci illərin axırında artıq respublikamızın böyük hissəsi qazlaşdırılmışdı. Ulu öndərimiz Heydər Əliyevin bilavasitə göstərişi ilə 1980-ci illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasını təbii qazla təmin etmək üçün diametri 700 millimetr olan Yevlax-Naxçıvan magistral qaz kəməri çəkilmişdi. Qeyd etmək lazımdır ki, 1969-1982-ci illərdə çəkilən qaz kəmərləri arasında iqtisadi və sosial əhəmiyyətinə görə çox mühüm obyekt olan Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan magistral qaz kəməri dünya təcrübəsində relyef şəraitinə görə çəkilişi çətin sayılan qaz kəmərlərindən biri idi.
Burada deyildiyi kimi, 1804 kilometr uzunluğunda olan və muxtar respublikanın iqtisadiyyatında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edən kəmərin çəkilməsi 33 min mənzilin qazla təmin edilməsinə imkan vermişdi. Lakin bildiyiniz kimi, bədnam qonşularımızın təcavüzkar siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası 1992-ci ilin axırlarından başlayaraq enerji blokadasına alındı və təbii qazın verilməsi də dayandırıldı. Həmin vaxt Naxçıvan Muxtar Respublikasına ümummilli liderimiz Heydər Əliyev rəhbərlik edirdi. Kəskin kontinental iqlimi olan Naxçıvan MR-də qış ayları sərt keçdiyindən təcili tədbirlərin görülməsi zərurəti meydana çıxmışdı. İlk növbədə, Türkiyə və İrandan elektrik enerjisinin alınmasına başlandı. İran İslam Respublikası ilə təbii qaz təchizatı barəsində danışıqlar aparıldı.
1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin İrana səfəri zamanı Xoy-Culfa qaz kəmərinin çəkilməsi və Naxçıvanın təbii qazla təmin edilməsi barədə protokol imzalanmışdı. Ümummilli liderimizin başladığı işin məntiqi sonluğu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə İran İslam Respublikasının Prezidenti cənab Seyid Məhəmməd Xatəminin ölkəmizə rəsmi səfəri zamanı “Azəriqaz” Səhmdar Cəmiyyəti və İran Milli Qaz Satışı Şirkəti arasında imzalanmış təbii qaz mübadiləsi haqqında müqavilə olmuşdur. Cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin xəttini rəhbər tutaraq, bütün sahələrdə olduğu kimi, ölkəmizin yanacaq-energetika kompleksinin inkişafı üçün də çox böyük işlər görür. İmzalanmış həmin müqavilə də cənab İlham Əliyevin şəxsi təşəbbüsünün və gərgin əməyinin nəticəsidir. 14 illik fasilədən sonra Naxçıvan MR-ə təbii qazın verilməsinin bərpası həm siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyətli məsələdir, Prezidentimiz İlham Əliyevin bu bölgəyə böyük diqqət və qayğısının təzahürüdür.
Bir neçə kəlmə də imzalanmış müqavilə və onun həyata keçirilməsi məqsədi ilə görüləcək tədbirlər haqqında demək istərdim. Müqaviləyə əsasən, 2005-ci ilin sentyabr ayından başlayaraq, 20 il ərzində hər il 350 milyon kubmetr təbii qaz mübadilə olunacaqdır. Bunun üçün, Araz çayını keçməklə İrandan diametri 400 millimetr olan yüksəktəzyiqli magistral qaz kəməri çəkmək nəzərdə tutulur. Bu kəmər vasitəsilə ildə 850 milyon kubmetr qaz veriləcəkdir. Digər tərəfdən, həmin kəmərin çəkilişindən sonra qazın həcmini və həmçinin keyfiyyət göstəricilərini müəyyən edən laboratoriya və nəzarət ölçü məntəqəsinin tikilməsi nəzərdə tutulur. Naxçıvana veriləcək qazın ölçülməsi İran tərəfdə aparılacaqdır.
İLHAM ƏLİYEV: Amma bizim nümayəndələr orada olacaqlar...
ƏLİXAN MƏLİKOV: Bəli, hər ayın axırında bizim nümayəndələr orada olacaq, qazın həcmini və keyfiyyət göstəricilərini birlikdə araşdıracaqlar.
Ay ərzində hansı təzyiq və nəticələr olarsa, o barədə müvafiq qeyd aparılacaqdır. Digər tərəfdən, qazpaylayıcı stansiyadan mövcud Şahbuz-Şərur-Sədərək qaz kəmərini birləşdirən 12 atmosfer təzyiqində 6 kilometr uzunluğunda 500 mm-lik kəmər çəkmək nəzərdə tutulur.
İLHAM ƏLİYEV: Qazpaylayıcı stansiya var idi?
ƏLİXAN MƏLİKOV: Bəli, var, orada bərpa işləri aparılmalıdır. Ola bilər ki, aralarındakı məsafə az olduğuna görə, bu stansiyanı və Naxçıvandakı qazpaylayıcı stansiyanı bir paylayıcı stansiya ilə əvəz edək.
İLHAM ƏLİYEV: Amma magistral qaz kəmərinə qədər qazpaylayıcı stansiya yoxdur, tikilməlidir.
ƏLİXAN MƏLİKOB: Xeyr, yoxdur, tikilməlidir. Buradan gələcəkdə elektrik stansiyasını təbii qazla təmin etmək məqsədi ilə 11 kilometrlik qaz kəməri də çəkilməlidir.
İLHAM ƏLİYEV: Ümumiyyətlə, neçə kilometr qaz kəməri çəkilməlidir?
ƏLİXAN MƏLİKOV: Ümumilikdə 50 kilometr uzunluğunda yeni qaz kəməri çəkilməlidir. Mövcud Şahbuz-Şərur-Sədərək qaz kəmərinin vəziyyəti nisbətən yaxşıdır. Biz burada müayinə işləri aparmaqla kəmərin bəzi yerlərini sahmana salacağıq.
İLHAM ƏLİYEV: Təzyiq nə qədər olacaq?
ƏLİXAN MƏLİKOV: Təzyiq təxminən 12 atmosfer olacaqdır. Mövcud Culfa, Ordubad qaz kəmərindən də istifadə edəcəyik. Burada 12 atmosfer təzyiqli 200 mm-lik kəmər müayinə olunacaqdır.
Naxçıvan şəhərinin uzun müddət istifadəsiz qalmış qazpaylama şəbəkəsi bərpa olunmalıdır. Bu məqsədlə biz dünyada qəbul olunmuş müasir texnologiyadan istifadə etməyi nəzərdə tutmuşuq. Belə ki, Naxçıvan şəhərinin qazpaylama şəbəkəsini polietilen borulardan istifadə etməklə yenidən quracağıq. “Azəriqaz”ın bu işdə müəyyən qədər təcrübəsi vardır. Gəncə şəhərinin qazpaylama şəbəkəsinin bir hissəsini də polietilen borularla bərpa etmişik. Ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin sentyabrında Gəncə ictimaiyyəti ilə görüşü zamanı belə bir müasir texnologiyadan istifadə olunmasını bəyənmiş və gələcəkdə onun geniş tətbiqini tövsiyə etmişdi.
Naxçıvan şəhərinin qazpaylama şəbəkəsinin bərpası zamanı tam həcmdə şəhərdaxili, binadaxili və mənzildaxili qaz kəmərlərinin çəkilişini, bütün abonentlər üçün qaz sayğaclarının quraşdırılmasını nəzərdə tutmuşuq.
Möhtərəm Prezident, qazın həm qənaətlə istifadə olunması, həm də dəqiq uçotunun aparılması çox vacib məsələdir. Bununla Bakı şəhərində də, respublikanın digər şəhər və rayonlarında da məşğul oluruq. Biz təcrübədə müəyyən etmişik ki, sayğaclar qoyulan yerdə qazdan təxminən iki dəfəyə yaxın qənaətlə istifadə etmək olar. Hesablanmış normaya əsasən qaz verildikdə ona qənaət olunmur, amma sayğac qoyulanda, hesad edirəm ki, sayğacdan keçən qazın ödənişi olacaqdır. Bu yolla qənaət təmin edilir. Sayğac olan abonentlərdə ödəniş 90 faizdən yuxarıdır. Biz nəzərdə tutmuşuq ki, Naxçıvan şəhərində 23 min abonenti qazla təmin edək. Şəhər qazla tam təmin olunacaqdır. Gələcəkdə digər şəhər və rayonların da kommunikasiyalarını yoxlamalıyıq. Müəyyən xırda təmir işləri aparmaqla qaz təchizatı tədricən təmin olunacaqdır.
İLHAM ƏLİYEV: Gələn ilin sonuna kimi bütün bu işlər görülərsə, İrandan qaz aldıqda bütün Naxçıvan Muxtar Respublikasını təmin etmək mümkün olacaq, yoxsa...
ƏLİXAN MƏLİKOV: Naxçıvan şəhəri qazla təmin olunacaqdır. Digər şəhər və rayonları qazla təmin edən kəmərləri də müayinə edirik. Əgər onlarda vəziyyət normal olarsa, həmin yerlərə qazın verilməsi mümkün olacaqdır.
İLHAM ƏLİYEV: Çalışaq ki, o vaxta qədər muxtar respublika üzrə bütün bu işlər görülsün. Bir il vaxtımız var. İndi bu barədə danışacağıq, ola bilsin ki, vəsait də ayrılacaqdır.
ƏLİXAN MƏLİKOV: Müqaviləyə əsasən, Azərbaycan tərəfinin İrana təhvil verəcəyi qazın təzyiqi minimum 50 atmosfer olmalıdır. Bu məqsədlə hələ 1971-ci ildə istismara verilmiş uzunluğu 211 kilometr olan 1000/1200 mm-lik Astara-Qazıməmməd qaz kəmərindən istifadə edilməlidir. “Azəriqaz” Səhmdar Cəmiyyəti keçən il öz vəsaiti hesabına həmin kəməri müayinə edib, bəzi yerlərdə əsaslı təmir işləri aparılıbdır. Həmin kəməri 15 atmosfer təzyiqlə yoxlayaraq, qazı 12 atmosfer təzyiqlə Astaraya çatdıracağıq. Kəmərdə təzyiqi 50 atmosferə çatdırmaq məqsədi ilə kompressor stansiyasının tikilməsi nəzərdə tutulmuşdur. Astarada qazı İrana təhvil verdiyimizə görə, əsas ölçü işləri bizdə aparılacaqdır. Eyni zamanda, qazın keyfiyyətini təmin edən laboratoriya olacaqdır.
Bütün bu işlər 2005-ci il sentyabrın 1-dək görülməli, obyektlər istifadəyə verilməlidir. İlkin hesablamalara görə, Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin edilməsi məqsədi ilə kəmər şəbəkəsinin bərpasına və İran Milli Qaz Satışı Şirkəti ilə bağlanmış müqaviləyə əsasən Astaradan İrana təbii qazın nəqlinə 185,785 milyard manat və ya 37,132 milyon ABŞ dolları vəsait tələb olunur. Bu vəsaitin 20 milyon dolları Naxçıvanda görüləcək işlərə, qalan hissəsi isə qaz kompressor stansiyasının və laboratoriyanın tikintisinə sərf ediləcəkdir.
Möhtərəm cənab Prezident!
Ümummilli liderimiz Heydər Əliyevin siyasətinin bu gün də uğurla davam etdirilməsinin daha bir sübutu, Sizin fərmanla təsdir edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” olmuşdur.
Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasının regionlarında sahibkarlığın inkişafını sürətləndirərək əmək ehtiyatlarından, mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin açılmasına, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Naxçıvan MR-ə təbii qazın verilməsinin dayandırılması ilə əlaqədar qaz təsərrüfatının 470 işçisindən 340-ı uzunmüddətli məzuniyyətə getmiş və bəziləri isə işdən çıxmışdır. Muxtar respublikaya təbii qazın verilməsinin bərpası ilə əlaqədar işçilərin sayı təxminən 500 nəfərə çatdırılacaqdır. Buna görə də biz qaz təsərrüfatı işçiləri adından Sizə öz minnətdarlığımızı bildiririk. Hazırda burada, qaz təsərrüfatında 130 nəfər çalışır.
Muxtar respublikada kommunikasiyalar, əsas magistral qaz kəmərləri qorunub saxlanılmışdır. Bu, böyük məsələdir və bizim işlərimizi xeyli irəli salacaqdır. Əsas rəhbər işçilər də qalmışdır.
Möhtərəm Prezident! “Azəriqaz” QSC-nin kollektivi adından Sizi əmin edirəm ki, Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpası işləri vaxtında yerinə yetiriləcək və 14 illik fasilədən sonra, 2005-ci ilin qış mövsümündə əhali mavi yanacaq alacaqdır.
İLHAM ƏLİYEV: Siz qeyd etdiniz ki, bu il 400 mm-lik magistral kəmər tikiləcəkdir. Amma Şərur-Şahbuz kəməri 500 mm-lik olacaqdır.
ƏLİXAN MƏLİKOV: 500 mm-lik kəmər 12 atmosfer təzyiqdə olacaqdır.
İLHAM ƏLİYEV: 400 mm-lik kəmər ildə 800 milyon kubmetr qaz verəcəkdir. Bu, Naxçıvan MR üçün böyük bir həcmdir. Naxçıvanın bu gün qaza tələbatı 350 milyon kubmetrdir. Amma biz nəzərə almalıyıq ki, Naxçıvan MR inkişaf edəcəkdir. Burada yeni müəssisələr, fabriklər və zavodlar olacaqdır. Gələcəkdə, Naxçıvanın qazla təchizatı sabitləşdikdən sonra burada elektrik stansiyası da tikiləcəkdir. Ona görə də mən hesab edirəm ki, bu kəməri 500 mm-lik edək. Bu, imkan verəcəkdir ki, buraya 1,3 milyard kubmetr qaz verilsin, problem birdəfəlik həll olunsun. Onda xərclər bir qədər artacaqdır. Amma eybi yoxdur, bunu edək ki, sonra hər şey qaydasında olsun.
Naxçıvanda görüləcək işlərin həcmi 20 milyon dollar, Astarada isə 17 milyon dollar olacaqdır. Bəs, Astarada bu işləri nə vaxt görməliyik? Bunun üçün hansı müddət qoyulub?
ƏLİXAN MƏLİKOV: Sentyabr ayından başlayaraq biz qazı İrana verməliyik, oktyabr ayından isə Naxçıvanda İran qazı qəbul olunacaqdır. Burada bir narahatçılıq ondadır ki, kompressorun tikintisinə müyyən qədər vaxt tələb olunur.
İLHAM ƏLİYEV: Yəni kompressor alınacaq, quraşdırılacaqdır. Bu işlər paralel aparılacaqdır. Bunun üçün vəsait varmı?
ƏLİXAN MƏLİKOV: Bəli.
İLHAM ƏLİYEV: Siz paylayıcı xətlərə diqqət yetirin. Əsas itkilər xətlərin nasaz vəziyyətdə olmasından yaranır. Ona görə bütün xətlərə gərək yenidən baxılsın. Polietilen borulardan istifadə edin ki, itki az olsun.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, respublikanın digər rayonlarında biz qaz kəmərlərinin bərpasına başladıq. Bütün işləri həmin metodla aparacağıq. Ayrı-ayrı xətləri, şəbəkələri sınaqdan keçirməliyik. Harada sızma, itki varsa, bunu aradan qaldırmalıyıq.
İLHAM ƏLİYEV: İlk qrafik sizdə təsdiq olunub, nədən başlayacaqsınız?
ƏLİXAN MƏLİKOV: Bəli, təsdiq olunubdur. Biz Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüş keçirmiş, görəcəyimiz işləri birlikdə müzakirə etmişik. İndi bizim üçün ən vacib məsələ odur ki, yaxın vaxtlarda müsabiqə elan edək. Buna müəyyən vaxt gedəcəkdir. Sonra paralel olaraq həm “Azəriqaz” tərəfindən bütün işləri həyata keçirəcəyik, həm də müsabiqənin qalibi ilə müqavilə bağlayacağıq.
İLHAM ƏLİYEV: Əsas hansı işləri görəcəksiniz?
ƏLİXAN MƏLİKOV: Magistral qaz kəmərinin, laboratoriya və qazpaylayıcının tikintisi aparılacaq, paralel olaraq digər işlər görüləcəkdir. Bütün işləri ayrı-ayrı hissələrə bölmüşük. Eyni zamanda, mövcud qaz kəmərlərini müayinə edəcəyik.
Naxçıvan Muxtar Respublikasında bizim qaz istismar birliyimiz var, amma onun bazası yoxdur. Ona görə burada texniki bazanın yaradılmasını, kadrların hazırlanmasını nəzərdə tutmuşuq. Baza müasir texnika ilə təmin olunmalı, operator otaqları, dispetçer məntəqələri tikilməlidir. Bütün bunlar layihədə göstərilmişdir.
İLHAM ƏLİYEV: Naxçıvanın digər rayonlarına qazı necə verəcəksiniz? Təkcə rayon mərkəzlərinə verəcəksiniz, yoxsa?..
ƏLİXAN MƏLİKOV: İlk növbədə, rayon mərkəzlərinə veriləcəkdir. Bu, layihədə nəzərdə tutulubdur. Gələcəkdə isə kəndlərə verilə bilər.
İLHAM ƏLİYEV: Xətlər varmı?
ƏLİXAN MƏLİKOV: Köhnə xətlər, paylayıcı kəmərlər var, ancaq onlar yoxlanacaqdır.
VASİF TALIBOV: Cənab Prezident, torpaq altındakı xətlərin, demək olar ki, hamısını dəyişmək lazımdır. Çünki artıq 20 ildir çəkilmişdir. Naxçıvanda torpaqda şoranlığın çoxluğu onların çürüməsinə səbəb olubdur. Ona görə də dəyişmək lazımdır.
İLHAM ƏLİYEV: Lazımdır, çünki sonra qəza, başqa hallar da ola bilər.
VASİF TALIBOV: Müəyyən hissəsi qorunub saxlanılıb, təmir işləri aparılıbdır.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, boruların üzərindəki izolyasiya xarab oldusa, onu başqa şeylə əvəz etmək olmur.
İLHAM ƏLİYEV: Əlbəttə, gərək xətlər yenidən çəkilsin. O vaxt, ötən əsrin 1980-ci illərində burada kəndlərin neçə faizi qazlaşdırılmışdı?
ƏLİXAN MƏLİKOV: Ümumilikdə 33 min abonent qazla təmin olunurdu. Bunun 10,8 mini Naxçıvan şəhərində, qalanı isə digər şəhər və rayonlarda idi.
VASİF TALIBOV: Cənab Prezident, o zaman 4 şəhərə və iki şəhərtipli qəsəbəyə, 207 kənddən isə 95-nə qaz verilirdi.
İLHAM ƏLİYEV: Deməli, haradasa, 100 məntəqəyə verilmirdi. Yəni xətlər yox idi. ƏLİXAN MƏLİKOV: Bəli, yox idi, qazlaşma aparılmamışdı.
İLHAM ƏLİYEV: Indi siz bunu hansı qaydada edəcəksiniz, yəni təkcə mövcud olan xətləri bərpa edəcəksiniz, yoxsa olmayan kəndlərə də xətt çəkəcəksiniz?
ƏLİXAN MƏLİKOV: Həmin yerlərin qazlaşdırılması üçün yenidən hesabat aparılmalıdır. Bu, layihəyə daxil deyildir.İLHAM ƏLİYEV: Mən başa düşürəm, layihədə yoxdur. Orada mövcud olan xətlərin dəyişdirilməsi və təmiri nəzərdə tutulmuşdur. Amma eyni zamanda, siz qalan kəndlərə də baxın. O vaxt eləməyiblər, yəqin vaxt olmayıbdır. Sonra da yollar bağlanıbdır.
ƏLİXAN MƏLİKOV: Qazlaşdırılmayan məntəqələrdə müəyyən işlər görülməsi nəzərdə tutulubdur.
İLHAM ƏLİYEV: 100-dən artıq məntəqə qalır, onları da nəzərdə tutun. Əgər onlara da qaz verilərsə, yəqin ki, 350 milyon kubmetr qaz çatmaz.
ƏLİXAN MƏLİKOV: Biz nəzərdə tutmuşuq, danışıqlar yolu ilə həcmi artırmaq olar. İLHAM ƏLİYEV: Bilirəm, müqavilədə 500 milyon kubmetrə qədərdir. Amma ondan sonra lazım olarsa, daha çox artırmaq olar. Yəni mən soruşuram ki, Naxçıvanı müasir səviyyədə, bütün əhalini tam həcmdə qazla təmin etmək üçün tələbat nə qədərdir?
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, 500 milyon kubmetr. 100 milyon kubmetrə qədəri sənaye üçün nəzərdə tutulubdur. Bu, sənayenin inkişafından da asılıdır. İLHAM ƏLİYEV: Əlbəttə, sənaye də nəzərdə tutulubdur. Amma nəzərə almalıyıq ki, İranla elektrik enerjisi mübadiləsi də gözlənilir. Naxçıvana elektrik enerjisi verilməsinin həcmi də artırılacaqdır. Sənayenin bir hissəsi də elektrik enerjisi ilə işləyəcəkdir. Bu amil də var.
ƏLİXAN MƏLİKOV: Bəli. Evlərin qızdırılması üçün də işlər aparılır. Bunun üçün qazanxanaların qaz yanacağına keçməsini nəzərdə tutmuşuq.
Cənab Prezident, yeri gəlmişkən, bir məsələni də demək istəyirəm. Naxçıvanda təxminən 8 min abonent çoxmərtəbəli binalarda yaşayır. O binalardakı daxili qaz xətləri, demək olar, tamamilə sıradan çıxıbdır, təzələnməlidir. Biz layihədə bunları nəzərə almışıq.
İLHAM ƏLİYEV: Yəqin evlərdə qaz cihazları yoxdur.
ƏLİXAN MƏLİKOV: Yoxdur. Bunlar hansı vəsaitlə alınmalıdır. Ola bilsin, ümumi büdcənin, yaxud, muxtar respublikanın büdcəsi hesabına.
İLHAM ƏLİYEV: Naxçıvan Muxtar Respublikasının büdcəsi o qədər də böyük deyildir.
ƏLİXAN MƏLİKOV: Naxçıvan şəhərinin özündə binadaxili xətlərin təzələnməsi və cihazlar alınması üçün 6 milyard manat vəsait lazımdır.
İLHAM ƏLİYEV: Yəni qaz plitələrinin quraşdırılması üçün.
ƏLİXAN MƏLİKOV: Bəli.
VASİF TALIBOV: Cənab Prezident, burada balondan da istifadə olunur. Müəyyən problemlər yaranır.
İLHAM ƏLİYEV: Siz bütün bunları ümumi smetada nəzərdə tutun. Çünki Naxçıvanın büdcəsinin hesabına etmək olmaz.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, aydındır.İLHAM ƏLİYEV: Binalardakı daxili xətlər də dəyişdirilməlidir. Onların əksəriyyəti çürüyübdür. Təzyiq necə olacaq, əsas odur ki, təzyiq yaxşı olsun.
ƏLİXAN MƏLİKOV: Nəzərdə tutulan layihədə qaz binaya qədər orta təzyiqdə gəlir. Binanın girişində tənzimləyici qoyulur və tələb olunan təzyiqlə paylanır.
İLHAM ƏLİYEV: Gözəl izah edirsiniz, amma əsas odur ki, plitəni yandırmaq üçün təzyiq kifayət etsin. Çünki bəzi hallarda Bakıda da, başqa rayonlarda da qaz zəif gəlir. Demək, zəif gəlirsə, onda yemək bişirmək də mümkün olmur. Əsas göstərici budur ki, əhali razı olsun. Əlbəttə, qazın verilməsi vacibdir, biz də bunu edirik. Amma bir halda ki, bunu veririk, gərək elə verək ki, əhalini qane etsin. Ona görə siz bunu da nəzərdə saxlayın. Başqa sözünüz var?
ƏLİXAN MƏLİKOV: Xeyr.
İLHAM ƏLİYEV: Sizin sualınız var?
VASİF TALIBOV: Xeyr.
İLHAM ƏLİYEV: Kiminsə sualı, hansısa təklifi varmı?! Yoxdur.
X X X
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi.