AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İMAM XOMEYNİ ADINA “İMDAD” KOMİTƏSİNDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də imam Xomeyni adına “İmdad” komitəsinə gəlmişdir.
Komitənin rəhbər işçiləri dövlətimizin başçısını mehribanlıqla, səmimiyyətlə qarşıladılar.
Komitənin sədri Seyid Rza Nəiri Prezident İlham Əliyevi burada görməyindən böyük şərəf duyduğunu vurğuladı. O bildirdi ki, 1990-cı illərdən İran Azərbaycanda qaçqın və məcburi köçkünlərə kömək göstərməyə başlamışdır. Əvvəl bu işlə qızıl aypara cəmiyyəti məşğul olurdu. Sonra “İmdad” komitəsi tərəfindən 5000 ton yardım göndərildi. O vaxt Prezident Heydər Əliyevin tapşırığı ilə komitənin Azərbaycanda fəaliyyət göstərməsi üçün icazə verildi. Hazırda komitənin Azərbaycanın 19 şəhər və rayonunda nümayəndəliyi vardır və 35 min nəfər onun yardımından istifadə edir. Azərbaycanın Dövlətqaçkomunun sədri Əli Həsənov, digər rəsmi şəxslər İranda olmuşlar və əməkdaşlıq barədə sənədlər imzalamışıq.
Seyid Rza Nəiri daha sonra bildirdi ki, “İmdad” komitəsi imam Xomeyninin tapşığı ilə 26 il əvvəl yaradılmışdır və indi ölkədə 150 min ailəyə kömək göstərir, onlar özlərini sərbəst idarə edə bilirlər. O, komitənin Azərbaycanda yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında və digər sahələrdə kömək edə biləcəyini vurğulayaraq dedi ki, Azərbaycanda yoxsulluğun azaldılmasına dair qəbul etdiyiniz proqramı yüksək qiymətləndiririk. Biz Heydər Əliyev Fondu ilə də əməkdaşlıq etməyə hazırıq.
Sonra komitənin rəhbəri Azərbaycan Prezidentinin komitəyə gəlməsi münasibətilə ona xaricdə istehsal olunmuş tibbi cihaz hədiyyə etdi. Bu cihaz vasitəsilə müxtəlif xəstəliklərin dəqiq səbəbini öyrənmək mümkündür.
Prezident İlham Əliyev görüşə görə təşəkkürünü bildirdi və ona təqdim olunan hədiyyənin təmiz niyyətlə verildiyini xüsusi vurğulayaraq dedi ki, ümid edirəm, xəstə insanlar bu cihazdan istifadə etməklə şəfa tapacaqlar. “İmdad” komitəsi Azərbaycanda çətin vəziyyətdə yaşayan on minlərlə insana kömək göstərir. Bizim üçün bunun mənəvi cəhətdən də böyük əhəmiyyəti vardır və bu yardıma görə təşəkkür edirəm.
Dövlətimizin başçısı xüsusi vurğuladı ki, Ermənistanın Azərbaycana təcavüzü, etnik təmizləmə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlara ilk vaxtlar heç bir maddi yardım göstərilmirdi, ölkəmiz özü də böhran içərisində idi. Sonra sizin təşkilat bu yardımı göstərməyə başladı və dost köməyini əsirgəmədi. Çox məmnunam ki, komitə bu xeyriyyə işlərini davam etdirir və bu, çətinlikdə yaşayanlar üçün böyük dəstəkdir.
Azərbaycanda yoxsulluğun azaldılmasına dair proqramın həyata keçirilməsindən danışan dövlətimizin başçısı bunun üçün böyük maliyyə vəsaiti tələb edildiyini bildirdi. O xatırlatdı ki, indi bizə kömək göstərən beynəlxalq donor təşkilatlar da, xeyriyyə təşkilatları da yardımlarını dayandırıblar. “İmdad” komitəsinin bu sahədə yeni layihəsi Prezident kimi məni çox sevindirir. Ümid edirəm, işgüzar əlaqələrimiz davam edəcəkdir.
Sonra Prezident İlham Əliyev komitənin Azərbaycandakı fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış oldu.
Görüşdən xatirə olaraq Azərbaycan Prezidentinə xalça hədiyyə olundu.
Dövlətimizin başçısı komitənin binasında Azərbaycandan gələn qadınlarla görüşüb səmimi söhbət etdi və onlarla xatirə şəkli çəkdirdi.
Daha sonra Prezident İlham Əliyev komitənin xatirə kitabına ürək sözlərini yazdı.