AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İMAM XOMEYNİ ADINA “İMDAD” KOMİTƏSİNDƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də imam Xomeyni adına “İmdad” komitəsində olmuşdur.
Komitənin rəhbər işçiləri dövlətimizin başçısını mehribanlıqla, səmimiyyətlə qarşıladılar.
Komitənin sədri Seyid Rza Nəiri Prezident İlham Əliyevi burada görməyindən böyük şərəf duyduğunu vurğuladı. O bildirdi ki, 1990-cı illərdən İran Azərbaycanda qaçqın və məcburi köçkünlərə kömək göstərməyə başlamışdır. Əvvəl bu işlə qızıl aypara cəmiyyəti məşğul olurdu. Sonra “İmdad” komitəsi tərəfindən 5000 ton yardım göndərildi. O vaxt Prezident Heydər Əliyevin tapşırığı ilə komitənin Azərbaycanda fəaliyyət göstərməsi üçün icazə verildi. Hazırda komitənin Azərbaycanın 19 şəhər və rayonunda nümayəndəliyi vardır və 35 min nəfər onun yardımından istifadə edir. Azərbaycanın Dövlətqaçqınkomunun sədri Əli Həsənov, digər rəsmi şəxslər İranda olmuşlar və əməkdaşlıq barədə sənədlər imzalamışıq.
Seyid Rza Nəiri daha sonra bildirdi ki, imam Xomeyninin tapşırığı ilə 26 il əvvəl yaradılmış “İmdad” komitəsi indi ölkədə 150 min ailəyə kömək göstərir, onlar özlərini sərbəst idarə edə bilirlər. O, komitənin Azərbaycanda yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında və digər sahələrdə kömək edə biləcəyini vurğulayaraq dedi ki, Azərbaycanda yoxsulluğun azaldılmasına dair qəbul etdiyiniz proqramı yüksək qiymətləndiririk. Biz Heydər Əliyev Fondu ilə də əməkdaşlıq etməyə hazırıq.
Seyid Rza Nəiri Azərbaycan Prezidentinin komitəyə gəlməsi münasibətilə ona xaricdə istehsal olunmuş tibbi cihaz hədiyyə olunduğunu bildirdi. Bu cihaz vasitəsilə müxtəlif xəstəliklərin dəqiq səbəbini öyrənmək mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.