RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NEFTÇALA RAYONUNA SƏFƏRİ
HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞ MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Neftçala rayonuna gəlmişdir.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar. Onların əllərində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, ümummilli liderin müdrik kəlamları yazılmış transparantlar var idi.
Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül qoydular.
Məlumat verildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bu abad və müasir park cari ilin əvvəlində salınmışdır. Parkın ərazisi 7 min kvadratmetrdir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu parkın yanında isə daha bir istirahət guşəsi - Neftçilər parkı salınmışdır. Ulu öndərin heykəlinin hündürlüyü postamentlə birlikdə 6,4 metrdir.
Sonra Prezident İlham Əliyev Neftçalada Heydər Əliyev muzeyi ilə tanış oldu. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, tikintisinə 2006-cı ilin oktyabrında başlanmış muzey bu ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı bu gün keçirilir. Muzey bir ekspazisiya zalından, 14 fotostenddən, 10 vitrində ibarətdir. Fotostendlərdə ulu öndərin həyat və fəailiyyətinin müxtəlif dövrlərinə aid şəkillər, vitrinlərdə isə kitablar və sənədlər nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspazisiyada nümayiş etdirilir.
Muzeydə, həmçinin Prezident İlham Əliyevin fəaliyyətini, ölkəmizin, o cümlədən Neftçalanın sosial-iqtisadi inkişafını əks etdirən kitablar və digər materiallar da toplanmışdır.
Prezident İlham Əliyev muzeyin Xatirə kitabına öz ürək sözlərini yazdı.