AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ALMANİYA PREZİDENTİ HORST KÖLERİN GÖRÜŞÜ
Prezident Horst Köler Azərbaycanın dövlət başçısı İlham Əliyevin Almaniyaya ilk rəsmi səfərini yüksək qiymətləndirdi və bunun ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin daha da inkişafına müsbət təsir göstərəcəyini vurğuladı.
Almaniyaya səfəri zamanı ona göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin bundan sonra da genişlənməsi üçün səylərin artırılmasının vacibliyini bildirdi.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Azərbaycanın və Almaniyanın beynəlxalq təşkilatlarda əməkdaşlığı, ölkəmizin Avropa strukturlarına inteqrasiyası, AFR şirkətlərinin respublikamıza sərmayə qoyması və sair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxunuldu. Cənab Horst Köler bildirdi ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir və bu mövqeyi dəyişməzdir. ATƏT-in üzvü kimi Almaniya da bu problemin həllində səylərini artıracaqdır.
Prezident İlham Əliyev Almaniyanın bu mövqeyini yüksək qiymətləndirdi və cənab Kölerə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı AFR Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.