AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İRAN PREZİDENTİ SEYİD MƏHƏMMƏD XATƏMİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 24-də Tehranda İran Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi arasında təkbətək görüş olmuşdur.
Cənab Xatəmi onun dəvətini qəbul edərək, İrana rəsmi səfərə gəldiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi, bu səfəri ölkələrimiz arasındakı əlaqələrdə, münasibətlərdə yeni mərhələ kimi qiymətləndirdi. İranın qonşu, dost ölkə olan Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirməyə maraqlı olduğunu söyləyən cənab Xatəmi görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi təcrübəsindən istifadə etməklə ikitərəfli münasibətlərin, əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin faydalı olduğunu vurğuladı.
Cənab Xatəmi dövlətimizin başçısına müraciətlə dedi ki, İran jurnalistləri çox nadir hallarda bizim qonaqlarımıza belə yüksək diqqət göstərirlər. Bu, onu göstərir ki, burada hamı Sizi çox sevir.
İrana rəsmi səfərə dəvətə, göstərilən qonaqpərvərliyə görə Prezident Seyid Məhəmməd Xatəmiyə dərin minnətdarlığını bildirən Prezident İlham Əliyev bu səfərin Azərbaycan-İran münasibətlərinin daha sürətlə inkişaf etdirilməsi üçün əhəmiyyətli olacağını vurğuladı.
Dövlətimizin başçısı dedi ki, İran jurnalistlərini mən də çox sevirəm. Bizimlə bərabər Azərbaycandan da böyük media heyəti gəlmişdir. Demək olar ki, bütün televiziya kanallarımızın nümayəndələri buradadırlar. Mən çoxdan İrana gəlmək istəyirdim, nəhayət, bu arzum gerçəkləşdi və çox şadam ki, buradayam. Burada görüləcək işlərin nəticələrini səbirsizliklə gözləyirəm. Əminəm ki, bu istiqamətdə imzalanacaq sənədlər və apardığımız danışıqlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır.
Prezidentlər Azərbaycanla İran arasında qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün siyasi-iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə yekdil fikirdə olduqlarını bir daha diqqətə çatdırdılar. Tərəflər ölkələrimiz arasında imzalanmış və imzalanacaq sənədlərin müddəalarının yerinə yetirilməsinin vacibliyini xüsusi vurğuladılar.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də müzakirələr aparıldı.