AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOSUN TƏKBƏTƏK GÖRÜŞÜ
Dövlətimizin başçısı İlham Əliyev ali qonağı səmimiyyətlə salamlayaraq, onun ölkəmizə səfərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsində yeni mərhələ olacağını vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, o, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı sahəsində ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirəcəkdir.
Azərbaycana rəsmi səfərə dəvətə və yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkür edən Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və ölkələrimiz arasında daha geniş əməkdaşlığa nail olmaq üçün imkanlar olduğunu söylədi.
Dövlət başçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulmuş qarşılıqlı siyasi əlaqələrin səviyyəsindən razı qaldıqlarını və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladılar. İqtisadi sahədə əməkdaşlıqdan söhbət açan prezidentlər ticarət dövriyyəsinin artırılmasının zəruriliyini qeyd etdilər.
Mehribanlıq və səmimilik şəraitində keçən görüş zamanı dövlət başçıları siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrin genişlənməsi, ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, beynəlxalq təhlükəsizlik problemləri və tərəfləri maraqlandıran digər məsələlərə dair ətraflı fikir mübadiləsi apardılar.