AZƏRBAYCAN PREZİDENTİNİN ALMANİYAYA SƏFƏRİ ÖLKƏLƏRİMİZ ARASINDA MÜNASİBƏTLƏRİN YÜKSƏK SƏVİYYƏSİNİ GÖSTƏRİR
AZƏRTAC-a daxil olmuş məlumatda vurğulanır ki, Almaniya öz iqtisadi gücünə görə ənənəvi olaraq beynəlxalq miqyasda aparıcı yer tutur. Dünya ticarətində Almaniya ikinci yerdədir. Xarici ticarətin müsbət saldosuna görə isə 87 milyard avro ilə dünyada birincidir. Alman müəssisələrinin qazandığı hər üçüncü avro ixracdan əldə olunur.
Almaniya iqtisadi məkanını fərqləndirən əsas xüsusiyyət innovativ və beynəlxalq rəqabət qabiliyyətli müəssisələr, ixtisaslı işçilər, beynəlxalq səviyyədə tanınmış peşə təhsili sistemi, əla inkişaf etmiş infrastruktur tədqiqat və inkişaf sahəsində mühüm nailiyyətlərdir. Odur ki, Almaniyanın dünyanın aparıcı sənaye məkanlarından biri olması heç də təəccüblü deyildir. 1991-2002-ci il arasında ümumi daxili məhsul 1.710 milyard avrodan 1.984 milyard avroyadək artmışdır. İqtisadiyyatın fəaliyyət qabiliyyətini qoruyub saxlamaq üçün federal kansler Şröderin rəhbərliyi ilə hökumət “Agenda 2010” islahatlar paketini işləyib hazırlamışdır.
Almaniya-Azərbaycan münasibətlərinin uzun tarixi var. Hələ 1819-cu ildə ilk alman kolonistləri Azərbaycana gələrək Yelenendorfun, indiki Xanların əsasını qoymuşdular. Şvab əyalətindən gəlmiş bu insanların xeyli hissəsi öz vətənlərini siyasi və ya dini səbəblərdən tərk etmişdi. Digərləri isə çətin maddi vəziyyətdən baş götürüb qaçmaq istəyirdilər. Onlar Azərbaycanda yeni həyata başlayırdılar və uzun sürən səyahətdən sonra, demək olar ki, tam əliboş idilər. İlk illərdə onlar üçün xüsusilə çətin idi. 1850-ci ildən etibarən isə yelenendorfluların həyatının sakit dövrü başlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) almanlar siyasətdə fəallıq göstərmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişlər.
Azərbaycanda çalışmış alman memarlarından Fon Der Nonne, Ayxler və Lehmkulun adları bu gün də yaxşı tanınır. Bakıda yevangelist-lüteran kilsəsi və Kapellhaus kimi alman memarlıq sənətinin nişanələri olan abidələr qalmışdır.
Azərbaycan yenidən dövlət müstəqilliyi qazandıqdan sonra ölkələrimiz arasında münasibətlər yeni mərhələyə çıxmışdır. Bu il ölkələrimizin inkişaf siyasəti sahəsində əməkdaşlığı üçün xüsusilə əlamətdar olmuşdur. Aprelin 24-dən 26-dək Bakıda yüksək səviyyəli nümayəndə heyətləri tərəfindən hökumətlərarası danışıqlar aparılmışdır. Almaniya indiyədək Azərbaycana 303,3 milyon avro məbləğində yardım etmişdir. Bunun 140 milyonu Avropa Birliyi çərçivəsində edilən yardımın, 130,3 milyonu ikitərəfli maliyyə əməkdaşlığının və 33 milyonu isə ikitərəfli texniki əməkdaşlığın payına düşür.
Almaniyanın ölkəmizdəki fəaliyyətindən danışarkən Gəncə və Şəkinin su təchizatının bərpası layihəsi xüsusi vurğulanmalıdır. Əvvəllər bu layihə üçün nəzərdə tutulmuş vəsaitlər və əlavə olaraq İsveçrənin ayırdığı 10 milyon avro ilə birgə 54 milyon avro toplanmışdır. Bu, Almaniyanın
Azərbaycandakı inkişafa yardım sahəsində ən mühüm layihəsidir.
Azərbaycan Prezidentinin Almaniyaya səfəri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini göstərir və şübhəsiz ki, ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.