SİYASƏT
Azərbaycan Prezidentinin Forumda səsləndirdiyi fikirlər ərəb mediasının diqqət mərkəzində olub





Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər ərəb ölkələrinin media orqanlarının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “Əxbar Əl Yom” və “Əlbaatmedia” qəzetləri, “Qpress8” internet nəşri, SANA və NNA informasiya agentlikləri Azərbaycanın dövlət başçısının məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi Forumda qlobal və regional problemlərlə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb.
Ərəb ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti 44 günlük Qarabağ müharibəsi və təxminən üç ildən sonra aparılan lokal xarakterli antiterror tədbirlərinin əsas səbəbinin Ermənistanın uzun illər davam edən danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz gücü ilə İrəvanın məhəl qoymadığı və yerinə yetirməkdən imtina etdiyi BMT qətnamələri və digər beynəlxalq sənədlərin müddəalarını yerinə yetirdi.
Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üzrə təşəbbüslər haqqında fikirlərini şərh edən ərəb mediası yazıb ki, dövlət başçısı vaxtilə Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyinə ümid etdiyini də bildirib. O əlavə edib ki, lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər.
Yazılarda vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanla davamlı sülhə nail olunmasının başlıca amilinin İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi olduğunu bildirib.