AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA KABUKİ TEATRI VƏ “MEYCİCİ” MƏBƏDİ İLƏ TANIŞ OLMUŞDUR
Mehriban xanım Əliyeva əvvəlcə Kabuki teatrına gəldi.
Hörmətli qonağa məlumat verildi ki, mənşəyi xalq mahnıları və rəqsləri ilə bağlı olan klassik yapon teatrı Kabuki teatrı XVII əsrdə Kioto şəhərində yaranmışdır. XVIII əsrin sonu Kabuki teatrının çiçəklənmə dövrü olmuşdur. Bu dövrdə formalaşmış tamaşalar müasir Kabuki teatrında da qorunub saxlanılmışdır. Kabuki teatrında qəti müəyyən edilmiş səhnə qanunları sistemi (əl-qol hərəkətləri, səsin modulyasiyası, simvolik qrim və s.) mövcuddur. İfaçılar kuklaların hərəkətlərini təqlid edirlər. Tamaşalar xüsusi avadanlıqla təchiz edilmiş böyük teatrlarda göstərilir. Ənənəvi Kabuki teatrı indiyədək böyük tamaşaçı kütləsinə malikdir və aktyorlar qrupu yalnız kişilərdən ibarətdir. Bu aktyorlar Yaponiyanın ən məşhur mədəniyyət ustaları kimi tanınırlar.
Azərbaycanın birinci xanımı burada göstərilən tamaşaya baxdı.
Mehriban xanım Əliyeva günün ikinci yarısında Tokio şəhərində 1920-ci ildən fəaliyyət göstərən böyük “Meycici” buddist məbədi ilə tanış oldu. Məbədin dini rəhbəri Azərbaycanın birinci xanımını salamladı və məbədin dini, elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Mehriban xanım Əliyeva məbədlə tanışlıq zamanı dini mərasimin keçirilməsini müşahidə etdi və xatirə olaraq fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Məbədin dini rəhbəri tərəfindən Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olundu.