AZƏRBAYCAN QADINLARI DEMOKRATİK CƏMİYYƏTİN APARICI ÜZVLƏRİNƏ ÇEVRİLİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan qadınlarının III qurultayına hazırlıq çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Zaqatala və Balakən rayonlarında qadınların növbəti konfransları keçirilmişdir.
Bələdiyyə orqanları rəhbərlərinin, qadın təşkilatları nümayəndələrinin, qadın fəallarının iştirak etdikləri tədbirlərdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digərləri qadınların cəmiyyətdə yeri və rolu, rayonların ictimai-siyasi həyatında fəal mövqeyi barədə danışmış, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, gənc nəslin xalqımızın tarixi ənənələri, milli-mənəvi dəyərləri və müqəddəs amallar ruhunda tərbiyə olunmasında qadınların rolunu yüksək qiymətləndirən natiqlər ölkəmizdə qadınlara dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini bildirmiş, onların cəmiyyətin aparıcı üzvlərinə çevrildiyini xüsusi vurğulamışlar.
Milli Məclisin deputatı Rəbiyyət Aslanova və Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycan qadınlarının III qurultayına hazırlıqla bağlı görülən işlər, dövlətin qadınlarla bağlı siyasətinin əsas istiqamətləri barədə məlumat vermiş, tövsiyələrini söyləmiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Konfranslarda Azərbaycan qadınlarının III qurultayına nümayəndələr seçilmiş, bu rayonlarda yeni yaradılan Ağbirçəklər Şurasının tərkibi təsdiq edilmişdir.