AZƏRBAYCAN QADINLARININ III QURULTAYINA HAZIRLIQLA BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan qadınlarının III qurultayına hazırlıqla bağlı konfrans keçirmişdir.
Konfrans iştirakçıları Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ulu öndərin abidəsinin önünə əklil qoymuş, ümummilli liderin adını daşıyan muzeylə tanış olmuşlar.
Konfransda təhsil, səhiyyə, mədəniyyət, həmçinin sosial-iqtisadi sahələrdə, idarəetmədə, qeyri-hökumət təşkilatlarında çalışan qadınlar iştirak etmişlər.
İcra hakimiyyəti başçısının müavini Zenfira Şıxəliyeva dövlət qadın siyasətindən danışmış, rayon əhalisinin 51 faizini qadınların təşkil etdiyini bildirmişdir. Rayon ərazisində 11 qəsəbənin, 13 yaşayış məntəqəsinin olduğunu söyləyən Z.Şıxəliyeva demişdir ki, ərazidə 10338 məcburi köçkün məskunlaşmışdır.
Bildirilmişdir ki, təhsil, səhiyyə və mədəniyyət sahəsində işləyən qadınların sayı əvvəlki kimi artmışdır. Rayonun ümumtəhsil məktəblərində çalışan 1883 nəfər pedoqoji işçinin 1558-i, yəni 82,7 faizi qadındır. Həmçinin rayonun 11 səhiyyə müəssisəsinin yeddisinin rəhbəri zərif cinsin nümayəndəsidir. Ümumilikdə 350 nəfərdən çox həkim, 934 tibb işçisi vardır.
İcra hakimiyyətinin başçısı Hüseyn İsrafilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları ölkənin ictimai-siyasi həyatında qadınların rolunun artırılmasının zəruriliyindən, qadınlara dövlət qayğısından, onları narahat edən problemlərdən danışmışlar.
Konfransda respublika qadınlarının III qurultayına nümayəndələr seçilmiş, rayon Ağbirçəklər Şurasının tərkibi təsdiqlənmişdir.