AZƏRBAYCAN QADINLARININ III QURULTAYININ İŞTİRAKÇILARINA
Hörmətli qurultay nümayəndələri!
Əziz xanımlar!
Sizi - Azərbaycan qadınlarının III qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı, səadət və işlərinizdə uğurlar arzu edirəm.
Adət-ənənələrimizin yaşadılması və nəsillərdən-nəsillərə çatdırılması yolunda Azərbaycan qadını daim müdriklik, fədakarlıq və təmkinlilik nümayiş etdirmişdir. O, bütün dövrlərdə xalqımıza xas yüksək milli-mənəvi dəyərləri qoruyub saxlamış, torpağa, əməyə, ailəyə möhkəm bağlılıq aşılayaraq, gənclərin milli məfkurə ruhunda tərbiyəsinə var qüvvə və bacarığını sərf etmişdir. Çoxəsrlik tariximizdə görkəmli şəxsiyyətlər Azərbaycan qadınının zərifliyi və gözəlliyi, mərdliyi və sədaqəti, ağlı və zəkasından bəhs etmişlər. Xanımlarımızın mənəvi saflığı, daxili aləminin zənginliyi fəxr etdiyimiz söz-sənət abidələrimizdə də dolğun əks olunmuşdur.
Ötən əsrin əvvəllərində hüquq və azadlıqlarının tam təmin edilməsinə nail olan Azərbaycan qadını cəmiyyətimizin bərabərhüquqlu üzvünə çevrilmiş və ölkəmizin inkişafı prosesinə dəyərli töhfələr vermişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə böyük itki və sarsıntılara məruz qalan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə qurbanlar verən qadınlarımız bu gün də istiqlaliyyət ideallarına sadiqlik nümayiş etdirərək, milli dövlət quruculuğu işinə ləyaqətlə xidmət göstərirlər. Onların müxtəlif sahələrdə əldə etdikləri müvəffəqiyyətlər təqdirəlayiqdir.
Azərbaycan qadınlarının bilik, qabiliyyət və işgüzarlığının dinamik inkişaf edən ölkəmizin qazandığı nailiyyətlərdə mühüm rolu vardır. Respublikamızda bərqərar olan demokratik mühit Azərbaycan qadınının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaratmışdır.
Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə yönəlmişdir. Ümidvaram ki, qurultayda qəbul olunan qərarlar bu siyasətin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Əminəm ki, qurultayınız geniş və səmərəli müzakirələr aparacaq, cəmiyyətimizi düşündürən problemlərin həlli istiqamətində tövsiyələr formalaşdıracaq və qadınlarımızın fəallığının artmasına təkan verərək, onları yeni nailiyyətlərə ruhlandıracaqdır.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2008-ci il.