“AZƏRBAYCAN QAYNAR ƏRAZİDƏ KİÇİKADADIR, ONA KÖMƏK ETMƏLİYİK”
YAP icra katibinin müavini Mübariz Qurbanlı qonağı salamlayaraq siyasi partiyaların təmsilçiləri olan deputat həmkarlarını təqdim etmiş, seçki sistemi, ölkə parlamentinin formalaşması prinsipi haqqında məlumat vermişdir. O demişdir ki, Qərbi Avropa demokratiyanın beşiyidir və bu beşiyin başında Qərbi Avropa Birliyi dayanır. Milli Məclisin bu qurumla əməkdaşlığı Azərbaycanın mənafeyinə uyğundur. “Əsrin müqaviləsi”, gənc müstəqil respublikamız barədə məlumat verən natiq qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin inkişafına mane olur, məsələnin həllinin uzanması isə işğal altında olan ərazilərin, xüsusilə Dağlıq Qarabağın beynəlxalq terror yuvasına çevrilməsinə gətirib çıxarmışdır. Qərbi Avropa ölkələri təcavüzkara qarşı iqtisadi təsir vasitələrindən istifadə etməlidirlər.
Marko Zakkera demişdir ki, bu, onun Azərbaycana ilk səfəridir. Lakin ölkəmiz barədə Avropa Şurasında kifayət qədər məlumat almışdır. Azərbaycan qaynar ərazidə kiçik adadır, ona kömək etməliyik.
Qonağın xahişi ilə Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələsi müzakirə edilmişdir. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, AXCP Məclisinin sədri Qulamhüseyn Əlibəyli, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişə ocaqları barədə məlumat vermiş, xüsusi vurğulamışlar ki, Dağlıq Qarabağ münaqişəsinin əsasında etnik separatizmlə yanaşı, işğalçı Ermənistanın Azərbaycana ərazi iddiası durur.
Marko Zakkera müxalifət nümayəndələrinin ölkəmizin Prezidentinin Ermənistan prezidenti ilə dialoquna münasibəti ilə də maraqlanmışdır. Qulamhüseyn Əlibəyli və Mais Səfərli bildirmişlər ki, dialoqa tərəfdardırlar, lakin Ermənistan tərəfinin qeyri-konstruktivliyi üzündən danışıqlar illər boyu uzana bilməz. Təcavüzkar bilməlidir ki, danışıqlar nəticəsiz qalarsa, Azərbaycan öz torpaqlarını işğalçılardan təmizləmək üçün bütün vasitələrdən istifadə edəcəkdir.