Azərbaycan regionda və kənarda yerləşən, ehtiyac içində olan ölkələrə kömək əlini həmişə uzadır
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan regionda yaranmış gərgin geosiyasi vəziyyətdə, Qərb və Rusiya arasındakı təhlükəli qarşıdurmada ənənəvi xarici siyasət prinsiplərinə sadiqliyini davam etdirməklə yanaşı, strateji tərəfdaşı Ukraynanın üzləşdiyi ağır günlərdə onun ehtiyaclarını unutmayıb və Ukrayna xalqına kömək əlini uzadıb. Təsadüfi deyil ki, müharibənin ilk günlərindən Cənubi Qafqaz ölkələri arasında Ukraynaya ən əhəmiyyətli humanitar yardım göstərən ölkə məhz Azərbaycan olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov söyləyib.
O bildirib ki, müharibənin ilk günlərində, fevralın 26-da Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 milyon avro (5,6 milyon dollar) dəyərində dərman və tibbi avadanlıq göndərib. Azərbaycanın bu yardımını fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski öz tviter səhifəsində elan edib. Zelenski başqa bir tvitində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrində təcili yardım və yanğınsöndürən maşınların pulsuz yanacaqla təmin olunduğunu vurğulayıb. Ukraynada SOCAR-ın 50-dən çox yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyini nəzərə alsaq, bu qərarın əhəmiyyətini daha yaxşı anlamaq olar.
“Müharibənin sonrakı günlərində bu yardımın miqyası daha da artırılıb. Martın 28-də Prezident Zelenski bildirib ki, Azərbaycan Ukraynada əkin kampaniyası zamanı istifadə edilən nəqliyyat vasitələrini də yanacaqla təmin edəcək. Tərəflər arasında bu cür təmaslar davam edir. Aprel ayında növbəti dəfə ukraynalılara Azərbaycan tərəfindən humanitar yardım göndərilib. Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım Moldovaya yola salınıb. Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq bu humanitar yardımın ardının gələcəyini gözləmək olar”, - deyə V.Hüseynov qeyd edib.
O diqqətə çatdırıb ki, beynəlxalq münasibətlərin fəal bir subyekti kimi Azərbaycan regionda və kənarda yerləşən, ehtiyac içində olan ölkələrə kömək əlini həmişə uzadır. Biz pandemiya dövründə bu siyasətin daha da aktuallıq qazandığının şahidi olduq. 2020-ci ildə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib, pandemiya ilə mübarizədə əziyyət çəkən 80-ə yaxın ölkəyə birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım göstərib, vaksin təminatına dəstək olub. Şübhəsiz ki, bu cür fəaliyyət ölkəmizin imicinə müsbət təsir edir, xaricdə ona qarşı hörmət və diqqətin artmasına şərait yaradır.