AZƏRBAYCAN RƏQQASLARI “EUROVİSİON-2008” MÜSABİQƏSİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, avqustun 30-da İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) “Eurovision-2008” rəqs müsabiqəsində Azərbaycanı təmsil edəcək nümayəndələrin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
İTV-nin əməkdaşı Leyla Əliyeva bildirmişdir ki, sentyabrın 6-da Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək “Eurovision-2008” rəqs müsabiqəsində ölkəmizi təmsil edəcək Eldar Cəfərov və Anna Sajina cütlüyü mübarizə aparacaqlar. Onların nümayiş etdirəcəyi nömrənin əsasını Endryu Lloyd Uebberin əfsanəvi “Operanın kabusu” musiqisi təşkil edir. Rəqqasların məşqləri İtaliyanın Verona şəhərində, dünya şöhrətli rəqs məktəbi Cerri Abrate və Katerina Ardzentonda keçirilmişdir. Rəsqlərdə milli koloritin olması əsas şərt olduğundan Eldar Cəfərov və Anna Sajina öz nömrələrinin hazırlanmasında Azərbaycanın zəngin mədəniyyətinə əsaslanmışlar. Cütlüyün çıxışında milli kolorit elementləri musiqi, rəqs və libaslarda aydın şəkildə görünəcəkdir.
Bildirilmişdir ki, rəqqaslarımızın çıxışı 3 hissədən - fokstrot və pasodobldan, rumba və çılğın tanqodan, eləcə də Azərbaycanın milli “Odlar yurdu” rəqsindən ibarətdir. Bütün bunlar cəmi 2 dəqiqə ərzində nümayiş etdiriləcəkdir.
Eldar Cəfərov və Anna Sajina jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.
Azərbaycan rəqqasları sentyabrın 1-də Şotlandiyaya yola düşəcəklər. Bu mötəbər yarışma İTV ilə canlı yayımlanacaqdır.