AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR ORQANLARININ ŞƏXSİ HEYƏTİNƏ
Hörmətli polis əməkdaşları və veteranlar!
Sizi Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Polis orqanları 90 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilmişdir. 1918-ci il iyulun 2-də asayişi mühafizə dəstələrinin yaradılması ilə təməli qoyulan polis orqanları Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin müstəqilliyinin və daxili asayişin təmin olunmasında mühüm rol oynamışdır. Cümhuriyyətin süqutundan sonrakı 70 il ərzində daxili işlər orqanları sovet dövlətinin siyasətini həyata keçirsələr də, bütövlükdə təcrübə qazanmış, yüksək peşə hazırlığı əldə etmiş və təşkilati cəhətdən möhkəmlənmişdir.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaranan mürəkkəb vəziyyət, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində siyasi-iqtisadi böhranın dərinləşməsi, qanunsuz silahlı dəstələrin mövcudluğu, qanunların fəaliyyətsizliyi, hərc-mərcliyin və cinayətkarlığın vüsət alması, ölkəyə rəhbərlik edənlərin yaranmış vəziyyətdən çıxış yolu tapa bilməməsi Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsinə gətirib çıxarmışdır.
Belə bir şəraitdə 1993-cü il iyunun 15-də xalqın israrlı tələbi ilə siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev qanunçuluq və dövlətçilik prinsiplərini rəhbər tutaraq hökm sürən özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas edərək ictimai-siyasi sabitliyin təmin edilməsinə, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasına və demokratik hüquqi dövlətin möhkəm əsaslarda qurulmasına nail olmuşdur.
Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atmış, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Daxili işlər orqanlarının şəxsi heyəti Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra erməni təcavüzünün dəf edilməsində ön sıralarda vuruşmuş, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə 932 şəhid vermişdir.
Bu gün Azərbaycan polisi inkişaf və yeniləşmə mərhələsini yaşayır. Müasir dövrün çağırışlarına cavab olaraq aparılan islahatlar nəticəsində onun üzərinə qoyulan vəzifələrin dairəsi genişlənir. Cinayətlərin qarşısının alınması ilə yanaşı, insan hüquq və azadlıqlarının qorunması daxili işlər orqanlarının əsas prioritetlərindən birinə çevrilir. Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədi ilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir.
Bu isə öz növbəsində polis orqanlarının məsuliyyətini artırır. Hakimiyyətin nümayəndəsi kimi xalqa xidmət etməyə borclu olan polis qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük inamını qazanmalıdır. Polisin sosial funksiyalarını effektiv yerinə yetirməyə imkan verən, müasir dövrün tələblərinə və dünya təcrübəsinə cavab verən müasir iş metodları tətbiq edilməli, institusional islahatlar davam etdirilməli, cinayətkarlığa qarşı mübarizə daha da gücləndirilməlidir.
Əminəm ki, xalqa, vətənə, dövlətçiliyə və peşə borcuna sadiq olan daxili işlər orqanlarının əməkdaşları bundan sonra da Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində öz vəzifələrini vicdanla yerinə yetirəcəklər.
Sizi bir daha peşə bayramınız münasibətilə təbrik edir, şərəfli və fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2008-ci il.