AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİNİN, İDMAN İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN BƏYANATI
Qondarma Dağlıq Qarabağ respublikasının futbol çempionatının yekun cədvəlinin Rusiyada nəşr olunan “Futbol” həftəliyində dərc edilməsi Azərbaycanın idman ictimaiyyətində ciddi hiddət doğurmuşdur. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri bununla bağlı bəyanat qəbul etmişlər. Bəyanatın AZƏRTAC-a daxil olmuş mətnində deyilir:
“Rusiyada nəşr olunan “Futbol” həftəliyinin 19-26 noyabr 2004-cü il tarixli 47-ci nömrəsində qondarma Dağlıq Qarabağ respublikası futbol çempionatının yekun cədvəli dərc olunmuşdur. Bu yazı Azərbaycanın idman ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmış və böyük narazılığa səbəb olmuşdur. Belə hallar bütün beynəlxalq normalara ziddir və nüfuzlu “Futbol” həftəliyinə şərəf gətirmir.
Gənclər, İdman və Turizm Nazirliyi Azərbaycan Respublikası Futbol Federasiyaları Assosiasiyasının əsaslı narahatlığını qəbul edərək, bu məsələdə AFFA-ya tam dəstək verir. Ümidvarıq ki, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də UEFA və FİFA ədalətli qərar çıxaracaqlar. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onu təmsil edən klubun digər ölkənin futbol çempionatında iştirakı UEFA və FİFA-nın beynəlxalq aləmdə qəbul olunmuş qaydalarına ziddir.
Bədnam ermənilərin indiyədək qondarma Dağlıq Qarabağ respublikasında müxtəlif idman yarışları keçirmək cəhdlər boşa çıxdığı kimi, bu məsələdə də onların niyyətləri baş tutmayacaqdır.
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi bir daha bəyan edir ki, ermənilərin heç bir beynəlxalq normaya sığmayan bu cür fitnəkar əməlləri dünya ictimaiyyətini çaşdırmaq və müstəqil Azərbaycan dövlətinin qanunlarına məhəl qoymamaq kimi qiymətləndirilir”.