AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU QƏRAR QƏBUL ETMİŞDİR
Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabverən iclasa gəlmədiyindən konstitusiya işinə onun iştirakı olmadan baxılmışdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi S.Babayevin çıxışını dinləyib, işə dair materialları araşdıraraq qərar qəbul etmişdir.
Qərarda deyilir ki, “Azər-Asiya” müştərək sığorta şirkətinin “SahipAzər Machine Company” və “En Trans” şirkətlərinə qarşı müqavilələrin bağlandığı andan etibarsız sayılmasına, “SahipAzər Machine Company” şirkətinin “Azər-Asiya” müştərək sığorta şirkətinə qarşı sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddiaları üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 18 sentyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.0.2-ci və 417.0.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.