AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğana telefon etmişdir.
Prezident Heydər Əliyev noyabrın 3-də Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi və hökumət qurmaq hüququ əldə etməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik etmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev Rəcəb Tayyib Ərdoğana və onun başçılıq etdiyi partiyanın bütün üzvlərinə uğurlar diləmiş, xoş arzularını bildirmişdir.
Prezident Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsinə bundan sonra da dəstək verəcəyini vurğulamışdır.
Səmimi təbrikə görə dərin minnətdarlığını bildirən cənab Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında münasibətlərin inkişafı üçün hər cür səylər göstərməyə hazır olduğunu söyləmişdir.
Rəcəb Tayyib Ərdoğan ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində Türkiyənin bundan sonra da Azərbaycanın mövqeyini müdafiə edəcəyini bildirmişdir.
Telefon danışığı dostluq və mehribanlıq şəraitində keçmişdir.
X X X
2002-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykala telefon etmişdir.
Prezident Heydər Əliyev noyabrın 3-də Türkiyə Böyük Millət Məclisinə keçirilmiş seçkilərdə Cümhuriyyət Xalq Partiyasının uğur qazanaraq parlamentə daxil olması münasibətilə Dəniz Baykalı təbrik etmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev Dəniz Baykala və partiyanın üzvlərinə uğurlar diləmişdir.
Cənab Dəniz Baykal səmimi təbrikinə və xoş arzularına görə Prezident Heydər Əliyevə minnətdar olduğunu bildirmişdir.
Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı yolunda xidmətlər göstərməyə hazır olduğunu vurğulamışdır.
Telefon danışığı səmimilik və mehribanlıq şəraitində keçmişdir.