AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞUNDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə ölkənin 7 bölgəsi üzrə Gəncə, Sumqayıt, Əli Bayramlı və Mingəçevir şəhərində, Şamaxı, Cəlilabad və Ağcabədi rayonlarında yerli prokurorluqların kollektivlərinin iştirakı ilə keçirilmiş iclasların nəticələri və qaldırılmış problemlər barədə baş prokurorun birinci müavini Ramiz Rzayevin çıxışı və Baş Prokurorluğun idarə və şöbə rəislərinin məlumatları dinlənilməklə, 2004-cü ilin ötən dövrü ərzində qanunçuluğun daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə, ilk növbədə, istintaq, dövlət ittihamının müdafiəsi və vətəndaş müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması, tabelikdəki struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov xüsusi vurğulamışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə 2000-ci il aprelin 26-da keçirilən müşavirə ilə Azərbaycanın prokurorluq orqanlarında əsası qoyulan islahatlar prosesi, demək olar ki, başa çatdırılmış, demokratik məzmunda tam yeniləşmiş prokurorluğun işinin düzgün təşkili və əməkdaşların maddi–sosial təminatı üçün hərtərəfli əsaslar yaradılmışdır. Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin Baş nazir olduğu dövrdə və xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin sosial-iqtisadi qüdrətinin yüksələn xətlə inkişafına istiqamətlənmiş fəaliyyətində prokurorluğa göstərdiyi gündəlik qayğı, dövlətimizin başçısının Sərəncamı ilə baş prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması haqqında qərar qəbul edilməsi göstərilən etimadın təzahürü kimi yüksək dəyərləndirilmişdir.
Hesabat dövründə əldə olunmuş müsbət iş göstəricilərini vurğulamaqla yanaşı, baş prokuror respublika üzrə qeydə alınmış ümumi cinayətlərin sayının artmasını, cinayətkar hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş maddi zərərlərin tam ödənilməməsini, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin təşkili sahəsində ayrı–ayrı struktur qurumların işindəki nöqsanları, əməkdaşlar tərəfindən yol verilən xidməti və icra intizamının pozulması hallarını ciddi tənqid etmişdir. Baş prokuror tələb etmişdir ki, nöqsanlar tezliklə aradan qaldırılmalı, prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyi daha da artırılmalıdır.
Müşavirədə respublikanın cənub bölgəsində narkotik vasitələrin qaçaqmalçılığı, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılmamış qəsdən adamöldürmə cinayətlərinin istintaqının keyfiyyətinin artırılması ilə əlaqədar müvafiq struktur qurumlara tapşırıqlar verilmişdir.
Tabelikdəki prokurorluqların bütün əməkdaşlarının iştirakı ilə bölgələr üzrə əməliyyat müşavirələrinin keçirilməsi təcrübəsini müsbət hal kimi dəyərləndirən baş prokuror, həmin müşavirələrdə diqqətə çatdırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələri müəyyənləşdirmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumlarına tapşırılmışdır ki, bu məsələlərlə ciddi məşğul olsunlar.
Əməliyyat müşavirəsində xüsusi olaraq vurğulanmışdır ki, Baş Prokurorluğun bütün struktur qurumlarının və tabelikdəki prokurorluqların fəaliyyəti, ilk növbədə, dövlətçiliyimizin maraqlarının və qanunların aliliyinin müdafiəsi işinə və səlahiyyət hədləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanından irəli gələn vəzifələrin həyata keçirilməsinə istiqamətləndirilməli, prokurorluq orqanlarının fəaliyyətində vətəndaşların müraciətlərinə hərtərəfli və obyektiv baxılması, vətəndaşların qəbulu işinin düzgün təşkili məsələlərinə diqqət artırılmalıdır.