AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV OLİMPİYA KƏNDİNDƏ OLMUŞDUR
Gənclər, İdman və Turizm Nazirliyinin informasiya mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Olimpiadanın Təşkilat Komitəsi sədrinin müavini dövlətimizin başçısına Olimpiya kəndi barədə ətraflı məlumat verdi.
Respublikamızın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirdi ki, Azərbaycanın olimpiya komandası artıq bir həfətədir burada yerləşmişdir.
Prezident İlham Əliyev Olimpiya kəndində idmançılar üçün yaradılmış şəraitlə tanış oldu. Azərbaycan Prezidenti burada Rusiya Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, məşhur xokkeyçi Vyaçeslav Fetisovla görüşdü. Söhbət zamanı ölkələrimiz arasında idman əlaqələrinin bundan sonra da inkişaf edəcəyi vurğulandı. V.Fetisov respublikamızın idmançılarına Afina Olimpiadasında uğurlar arzuladı.
Azərbaycan Prezidenti sonra avtobusla Olimpiya kəndini səyahət etdi, burada tikilmiş müxtəlif komplekslərlə tanış oldu. Dövlətimizin başçısı daha sonra Azərbaycan idman nümayəndə heyətinin məskunlaşdığı yerə gəldi, olimpiyaçılarımızın yaşayış şəraiti ilə maraqlandı. İdmançılarımızın Afina Olimpiadasında parlaq qələbələr qazanacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti onlara müvəffəqiyyətlər dilədi.
Prezident İlham Əliyev milli komandamızın üzvləri ilə xatirə şəkli çəkdirdi.