AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
Prezident İlham Əliyev cənab Mişel Dane ilə bu yaxınlarda Brüsseldə keçirdiyi görüşü və Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında sənədin imzalanmasını, habelə bu təşkilatın binasının qarşısında Dədə Qorqudun abidəsinin açılış mərasimini məmnunluqla xatırladı. Gömrük sahəsində Azərbaycana göstərdiyi köməyə və tövsiyələrə görə təşkilatın baş katibinə minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkəmizin Ümumdünya Gömrük Təşkilatının fəal üzvü olduğunu və Azərbaycanda gömrük sahəsində böyük işlər görüldüyünü vurğulayaraq, Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə ölkəmizdə Regional tədris mərkəzinin yaradılmasını yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən gömrük sahəsində bölgədə lider mövqeyində olduğunu diqqətə çatdıraraq, ölkəmizin gələcəkdə də bu liderliyi saxlayacağına inamını ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Gömrük Təşkilatı ilə faydalı əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Səmimi sözlərə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Mişel Dane Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini və onun əziz xatirəsini ehtiramla andığını söylədi. Qonaq dedi: “Mən onunla keçirdiyim görüşləri xatırladım. Heydər Əliyevin dediyi hər bir sözə dərin hörmətlə yanaşmışam. Bu gün də onları yaddan çıxarmıram”.
Prezident İlham Əliyevlə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayan Mişel Dane dövlətimizin başçısının orada səfərdə olarkən Avropa Birliyinin və NATO-nun rəhbərləri ilə görüşlərinin də çox uğurlu olduğunu vurğuladı. Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri olduğunu söyləyən qonaq Azərbaycanın Gömrük Komitəsi ilə bir sıra birgə uğurlu layihələrin həyata keçirildiyini bildirdi. Səfərinin əsas məqsədinin Brüsseldə imzalanmış protokol çərçivəsində daha konkret nəticələr əldə edilməsi imkanlarının araşdırılmasından ibarət olduğunu qeyd edən qonaq, həmçinin, 2005-ci ilin mayında İnterpolun və Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə ölkəmizdə mühüm bir tədbirin – təhlükəsizliyi və mühafizəni təmin edən müasir avadanlıqlar sərgisinin keçiriləcəyini bildirərək, Prezident İlham Əliyevin bu tədbirin keçirilməsinə bilavasitə rəhbərlik etməsi barədə İnterpolun baş katibinin xahişini dövlətimizin başçısına çatdırdı.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov iştirak edirdi.