AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV YUNANISTANIN BAŞ NAZİRİ KONSTANTİNOS KARAMANLİSLƏ GÖRÜŞMÜŞDÜR
Pezidentin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət başçısı Afina Olimpiadasının yüksək səviyyədə təşkil olunduğuna görə Baş nazirə minnətdarlığını ifadə etmişdir.
Öz növbəsində ikitərəfli münasibətlər məsələsinə toxunan cənab Karamanlis Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun bu ilin iyun ayında ölkəmizə səfərinin uğurla həyata keçdiyini vurğulayaraq, dövlət başçımızın Yunanıstanda Azərbaycan səfirliyinin açılması barədə qərarını ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edən bir addım kimi yüksək qiymətləndirmişdir.
Regionda sülhün və təhlükəsizliyin təmin olunması sahəsində ölkəmizin atdığı mühüm addımlardan bəhs edən Prezident İlham Əliyev bu proseslərə böyük təhlükə törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbət açmışdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayan dövlətimizin başçısı bu münaqişənin yalnız beynəlxalq hüquq normaları və prinsipləri – ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkün olduğunu bildirmişdir.
Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı vəziyyətinə toxunan dövlətimizin başçısı iqtisadi əlaqələrin, o cümlədən enerji və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etməsindən məmnun qaldığını vurğulamışdır.
Sonra ölkələrimizi maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyev, Yunanıstanın dövlət naziri cənab Valinakis iştirak etmişlər.