AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYAYA RƏSMİ SƏFƏRİ
BERLİNDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sarayın üzərində Almaniyanın və Azərbaycanın dövlət bayraqları qaldırılmış, meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniya Federativ Respublikasının federal Prezidenti Horst Köler Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sarayın önündə səmimiyyətlə qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Almaniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, ölkəmizin nümayəndə heyətinin üzvləri Almaniya Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Hərbi orkestrin ifasında Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev alman əsgərlərini salamladı.
Azərbaycan Prezidenti İlham Əliyev sarayın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Almaniya prezidentləri arasında görüş keçirildi.