AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Meliorasiya və su təsərrüfatı sistemində çalışan işçilərin əmək haqlarının artırılması barədə Sərəncamınız ölkəmizin bütün su təsərrüfatı işçiləri kimi, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi tərəfindən də böyük sevinc hissi ilə qarşılanmışdır.
Muxtar Respublikamızda “Arpaçay” dəryaçasının tikilməsi ilə Şərur və Sədərək rayonlarında suvarma suyuna olan tələbatın ödənilməsi, son vaxtlar Sizin tərəfinizdən xüsusi olaraq ayrılmış vəsaitlə “Oaraçuq” üzən nasos stansiyasının yenidən işə salınması, Babək rayonunun əksər kanallarının bərpa olunması bərəkətli torpaqlarımızın məhsuldarlığını qat-qat artırmışdır. “Vayxır” dəryaçasının tikilməsi isə gələcəkdə Muxtar Respublikanın su probleminin birdəfəlik həll edilməsinə imkan verəcəkdir. Bütün bunlar Sizin Muxtar Respublikamızın kənd təsərrüfatının inkişafına göstərdiyiniz xüsusi diqqətin və münasibətin təzahürüdür.
Keçən əsrin 90-cı illərinin əvvəllərində ictimai-siyasi, sosial-iqtisadi böhran vəziyyətində olan Azərbaycan Sizin rəhbərliyinizlə on il ərzində gündən-günə inkişaf edən dövlətə çevrilmiş, respublikamızın iqtisadi imkanları artmış, dövlətimiz dünya birliyində layiqli yerini tutmuşdur.
Bütün bunlar və əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız fərman və sərəncamlarınız xalqmızın dərin sevincinə səbəb olmuş, gələcəyə inam hissini daha da artmışdır. Biz - Muxtar Respublikanın su təsərrüfatı işçiləri göstərdiyiniz bütün diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin bu humanist addımınıza öz fəal işlərimizlə cavab verməyə, yeni əzm və qüvvə ilə çalışmağa və bizə göstərdiyiniz etimadı doğrultmağa var qüvvəmizlə səy göstərəcəyik. Sizi əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində komitəmizin idarə və müəssisələrinin 1300 nəfərdən artıq işçisi hamılıqla Sizə - dünənimizin xilaskarına, bu günümüzün qurucusuna, sabahımızın qarantına səs verəcəkdir. Sizə bir daha dərin minnətdarlığımızı bildirir, ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür, doğma Azərbaycanımızın çiçəklənməsi naminə fədakar əməyinizdə yeni-yeni uğurlar arzu edirik.
Naxçıvan MR Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsi idarə
və müəssisələrinin kollektivləri.