İDMAN
Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı qəbul olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplantının əvvəlində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş dövlət qulluqçuları - Fəqan Səfərov, Ağahüseyn Hüseynov, Ramin Məmmədov, Emil Əmirmətov, Zaur Abbasov, Azər Kərimli, Ramiz Mahmudov və Əhliman İbrahimova müvafiq medalları və döş nişanlarını təqdim edən gənclər və idman naziri Fərid Qayıbov onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Nazirin sədrliyi ilə keçən Kollegiya iclasında 2023-2024-cü illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı müzakirə edilərək qəbul olunub. Həmçinin futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbinin Əsasnaməsi yeni redaksiyada təsdiq edilib.
İclasda, həmçinin gənclər və idman sahəsində bir sıra layihələrin təqdimatı müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.