İDMAN
Azərbaycan şahmatçısı: İnanıram ki, gələcəkdə dünyanın ən yaxşı 10 qrosmeysteri arasında olacağam - MÜSAHİBƏ
Bakı, 3 oktyabr, AZƏRTAC
Şahmat üzrə Azərbaycan millisinin üzvü Aydın Süleymanlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Beynəlxalq Şahmat Federasiyasının (FIDE) oktyabr ayı üçün açıqladığı reytinq cədvəlində 2637 xalla ilk dəfə dünyanın ən yaxşı 100 qrosmeysteri arasında yer aldınız. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Uzun müddətdir bu siyahıya düşmək üçün çalışırdım. Bundan daha yaxşı yerdə ola bilərəm. Öz üzərimdə yüksək səviyyədə işləməliyəm. İnanıram ki, gələcəkdə dünyanın ən yaxşı 10 qrosmeysteri arasında olacağam.
- Şuşa şəhərində görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sayca 10-cu Memorialın rapid yarışında 6-cı, blitsdə isə 4-cü oldunuz. Çıxışınızı necə qiymətləndirirsiniz?
-Rapid növündəki oyunum ürəkaçan olmadı. Blits yarışındakı performansımdan razı qaldım. Turnirdən əvvəl 8-ci sıradaydım, lakin yarışı 5-ci bitirdim. Bəlkə çox yaxşı nəticə sayılmasa da, çıxışımı tam olaraq zəif qiymətləndirmirəm. Bu cür yarışda iştirak etmək böyük təcrübə oldu.
-Tanınmış rusiyalı şahmatçı Yan Nepomnyaşi ilə rapiddə bir, blitsdə isə iki dəfə üz-üzə gəldiniz. Rəqibiniz üzərində qələbəniz də oldu. Hətta Nepomnyaşi öz müsahibəsində sizin çıxışınızı xüsusi vurğulayıb. Onunla keçirdiyiniz görüşlər barədə nə deyə bilərsiniz?
- Çox maraqlı görüşlər oldu. Blitsdəki son görüşümüzdən sonra Nepomnyaşi norveçli şahmatçı Maqnus Karlsenlə onlayn oyun keçirəcəkdi. Buna görə də görüşə 15 dəqiqə erkən başlamağımızı xahiş etdi. Normal hal olduğu üçün onunla razılaşdım. Nepomnyaşi kimi qrosmeysterdən özüm haqqında xoş sözlər eşitmək mənə yüksək motivasiya verir.
- Azərbaycanın kişi şahmatçıları son vaxtlar beynəlxalq turnirlərdə istənilən səviyyədə çıxış edə bilmirlər. Buna Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasını da misal göstərmək olar. Sizcə, səbəb nədir?
-Əslində, Olimpiadada zəif nəticə göstərdiyimizi deyə bilmərəm. On ikinci başladığımız turniri beşinci bitirdik. Milli komandamız heyətin dəyişilməsindən sonra ilk böyük yarışda çıxış edirdi. Mən və Məhəmməd Muradlı komandanın yeni üzvləriyik. Əvvəlki Olimpiadada 7-ci olmuşduq. Düşünürəm ki, dəyişiklikdən sonra alınan bu nəticəni uğursuz adlandırmaq olmaz.
- Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu yarışda əsas hədəfiniz neçənci yerdir?
- Əsas hədəfim çempion olmaqdır. Çünki ölkə çempionatında ilk üç yeri tutan şahmatçılar ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanacaqlar. Əlimdən gələni edəcəyəm ki, birinci olum.
- Futbola marağınız hansı səviyyədədir? Bu gün "Qarabağ" UEFA Avropa Liqasında İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq. Həmin görüşdən gözləntilərinizi bilmək istərdik...
- Oyunları tam izləyə bilməsəm də, nəticələrdən xəbərim olur. Azərbaycanda xüsusi olaraq azarkeşlik etdiyim klub yoxdur. Avrokuboklarda ölkəmizi təmsil edən bütün komandaları dəstəkləyirəm. Bu gün də stadiondan “Qarabağ”ın matçını canlı izləyəcəyəm. İnanıram ki, Ağdam təmsilçisi xalqımızı yenidən sevindirməyi bacaracaq. Dünya futbolunda isə “Tottenhem”ə azarkeşlik edirəm.