İDMAN
AZƏRBAYCAN SAMBOÇULARI DÜNYA BİRİNCİLİYİNDƏALTI MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Moskvada sambo üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyinə yekun vurulmuşdur. Yarışda 32 ölkədən 640-dək idmançı qüvvəsini sınamışdır. Turnirdə baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi ilə 15 nəfər heyətlə çıxış edən Azərbaycan yığması uğurlu çıxışı ilə yadda qalmışdır.
Dünya birinciliyinin son günü yeniyetmələr arasında 65 kiloqram çəkidə yarışan Emin Həsənov finalda rusiyalı Anton Tişenkonu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Gənclər arasında mübarizə aparan Araz Muxtarov (74 kq) finalda Gürcüstan idmçançısı David Şengeliyaya qalib gələrək dünya çempionu olmuşdur.
Ən ağır çəkili idmançıların final yarışında rusiyalı Andrey Volkova uduzan Zamiq Kazımov (100 kq-dan yuxarı) isə gümüş medala sahib olmuşdur.
Xatırladaq ki, turnirin ilk iki günü yeniyetmələr arasında yarışan Əfqan Abdullayev (48 kq) qızıl, gənclər arasında isə Cavidan Qarayev (48 kq) gümüş, Pərviz Nəzərov (52 kq) isə bürünc medallara layiq görülmüşdülər.