Azərbaycan səfiri etimadnaməsini Hindistan Prezidentinə təqdim edib
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, prezident sarayında təşkil olunan mərasimdən sonra keçirilən görüşdə Prezident R.N.Kovind səfiri təyinatı münasibətilə təbrik edib.
Səfir Ə.Şıxəliyev Azərbaycan Prezident İlham Əliyevin səmimi salamlarını Hindistanın dövlət başçısına çatdırıb.
Prezident R.N.Kovind onun da salamlarının və xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Hindistanın Azərbaycan ilə enerji, investisiya qoyuluşu, film sənayesi, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, əczaçılıq sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirən R.N.Kovind ölkələrimizin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas iştirakçıları olduğuna diqqəti çəkib. Prezident iki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Səfir Ə.Şıxəliyev diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Hindistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan və Hindistan arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident Ram Nat Kovind səfir Əşrəf Şıxəliyevə diplomatik fəaliyyətində uğurlar arzu edib.