Azərbaycan səfiri Vatikanda Papa Cəngavər Ordeninin Böyük Xaçına layiq görülüb VİDEO
Vatikan, 3 aprel, AZƏRTAC
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov Vatikanda Papa Cəngavər Ordeninin Böyük Xaçına (Cavaliere di Gran Croce dell'Ordine Piano) layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Azərbaycan səfiri ilə yanaşı, Yaponiya, İspaniya, Avstriya, Fransa və digər ölkələrin Müqəddəs Taxt-Tacdakı səfirlərinə də ordenlər verilib. Ordeni İlqar Muxtarova Müqəddəs Taxt-Tacın dövlət katibinin müavini Edqar Penna Parra təqdim edib.
Qeyd edək ki, əsası 1847-ci ildə Papa IX Piy tərəfindən qoyulmuş Ordenin Böyük Xaçı onun ali dərəcəsi hesab edilərək, adətən kilsə (din) təmsilçisi olmayan və Katolik Kilsəsi ilə əlaqələrdə xidmətlərinə görə seçilən şəxslərə verilir. Eyni zamanda, Papanın seçilməsinin ildönümü ilə əlaqədar Vatikanda akkreditə olunmuş diplomatik missiya rəhbərləri bu ordenin müxtəlif dərəcələri ilə təltif edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan