SİYASƏT
Azərbaycan səfiri Yeltsin Mərkəzinin açılış mərasimində iştirak edib



Moskva, 26 noyabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Yekaterinburqda Boris Yeltsin adına Prezident Mərkəzinin açılışında iştirak ediblər.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və baş naziri Dmitri Medvedev, Rusiya dövlətinin keçmiş başçısının dul xanımı Naina Yeltsina, onun qızı Tatyana Yumaşova və başqaları da mərkəzin açılışında olublar.
İştirakçılar B.Yeltsinin mərkəzin qarşısında ucaldılan abidəsi önünə tər çiçəklər düzüblər, sonra Rusiyanın birinci prezidentinə həsr olunan sərgiyə tamaşa ediblər.
Rusiya Prezidenti V.Putin çıxışında bildirib ki, B.Yeltsin Rusiyanı güclü, çiçəklənən, xoşbəxt görmək istəyirdi. “O, xaraktercə iradəli, açıq təbiətli, mərd və son dərəcə qətiyyətli insan idi. Ölkə məhz onun bu keyfiyyətləri sayəsində demokratik inkişaf yolundan geri çəkilmədi” - deyən V.Putin ümidvar olduğunu bildirib ki, Yeltsin Mərkəzi əhəmiyyətli maarif ocağına çevriləcək.
Yelstin Mərkəzində muzey, kitabxana, arxiv, təhsil və uşaq mərkəzləri, sərgi salonları yerləşir. Muzeydə 130-dan çox fotoşəkil və 30 min saxlama vahidi, o cümlədən nüvə çamadanı, Kremlin üzərində dalğalanan Rusiya bayrağı, prezidentin “ZİL” markalı zirehli maşını saxlanılır.
B.Yeltsin 1991-ci ildə Rusiya prezidenti seçilib. Beş il sonra ikinci müddətə prezident seçilib. 1999-cu il dekabrın 31-də istefa verib və öz səlahiyyətlərini həmin vaxt baş nazir vəzifəsində çalışan Vladimir Putinə həvalə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva